Lexus şirkəti 2021-ci ilin LX modelini təqdim edib. Eyni zamanda, yapon istehsalçısı ABŞ bazarı üçün nəzərdə tutulmuş və 500 nüsxəlik məhdud saylı tirajla buraxılacaq LX Inspiration adlı xüsusi seriya barədə məlumat verib. Bundan əlavə, ofrouder yeni 21-düymlük təkər diskləri olan təkmilləşdirilmiş idman dəstini əldə edib.

2021-ci model ilinin LX ofrouderinin əyləncə-məlumat sistemi Amazon Alexa səs köməkçisi ilə birlikdə çalışır. Bundan başqa, Glazed Caramel dərisi ilə üzlənmiş salonu və tünd-yaşıl Nori Green Pearl kuzov rəngini sifariş etmək olar. Eyni zamanda, opsional idman dəsti yeni dizaynlı təkər diski, başqa tərtibata malik olan radiator barmaqlığı və yenilənmiş ön bamper ilə genişləndirilmişdir.

2021-ci model ilinin Lexus LX ofrouderi ilə birlikdə, Inspiration adlı məhdud saylı seriya da təqdim edilib. Yeni seriyadan olan ofrouderlər qara Black Onyx və ya ağ White Pearl rənginə boyanmış kuzova, qara rəngli 21-düymlük təkər disklərinə, tündləşdirilmiş işıq texnikasına, həmçinin arxa fənərlərin, baqaj qapağının, pəncərə və radiator barmaqlığının qara rəngli xrom haşiyəsinə sahib olacaqdır.

LX Inspiration modelinin standart təchizatına arxa sərnişinlərin əyləncə kompleksi, 450-vatlıq 19 dinamikli Mark&Levinson səs sistemi, qızdırılan və havalandırmalı ön və ikinci cərgənin oturacaqları, rəngli proyeksiya displeyi, ön dirsəkaltındakı soyudulan bölmə və dörd zonalı Climate Concierge sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən ofrouder dəyişməyib. Lexus LX570 Inspiration 388 at qüvvəli 5,7-litrlik V8 benzin mühərriki, səkkiz pilləli avtomatik sürətlər qutusu və tam çəkiş sistemi ilə təchiz edilir. 2630 kiloqram ağırlığa malik olan iri ofrouder 100 km/saat sürətini 7,4 saniyəyə toplayır və 220 km/saat maksimal sürətə malikdir.

2021-ci model ilinin Lexus LX ofrouderinin qiyməti açıqlanmayıb. İlkin məlumata görə, ofrouderin satışlarına ilin sonuna qədər başlanmalıdır.