Hazırda aviasiya sahəsi pandemiyaya görə olan böhrandan sonra hərəkətlənmə dövrünə başlayıb. Bəzi şirkətlər artıq uçuşlara başlayıb və ya buna hazırlaşır. Lakin hələ uzun müddət bir çox şeyin əvvəlki kimi olmayacağını bilirik. Sərnişinlərin təhlükəsizliyi və sosial məsafə ilə bağlı bir çox planlar səsləndirilir.

Şirkətlər həm bu məsələləri həll etmək, həm də uğradıqları zərəri kompensasiya etmək üçün yollar axtarırlar. Onlardan biri də, orta oturacaqlara biletlərin satılmaması idi ki, IATA bu fikri qəti şəkildə rədd edib və biletlərin bahalaşacağını əsas gətirib. Lakin Air Canada-nın törəmə şirkəti olan Air Canada Jetz məhz buna bənzər üsuldan istifadə etməya başlayıb.

Şirkət normal halda 120 sərnişin daşıya bilən Airbus A319-100 tipli təyyarəsinə 58 oturacaq yerləşdirib. Sosial məsafəyə və daha komfortlu səyahətə imkan yaraacaq bu addım biletlərin də müəyyən bahalaşmasına gətirib çıxaracaq. Uçuşlar Toronto şəhərindən iki istiqamətə - Ottava və Monreala ediləcək.

Qeyd edək ki, Air Canada Jetz-in parkında cəmi 3 ədəd təyyarə var və hamısı Airbus A319-100 modelləridir. Bu şirkətinin xidmətlərindən müxtəlif dövrlərdə Spice Girls, Rolling Stones və U2 kimi populyar musiqi qrupları istifadə ediblər.