Hokkenhaymda bazar günü olan hava şəraiti Almaniya Qran Prisini azarkeşlərin çoxdan gözlədiyi həyəcanverici bir yarışa çevirib. Maks Ferstappen bu mövsümdəki ikinci qələbəsini, 20-ci yerdən yarışı başlamış Fettel ikinciliyi, 14-cü yerdən start alan Daniil Kvyat isə ilk podiumunu əldə edib.

Artıq ilk üçlük yarışın nə qədər maraqlı keçdiyindən xəbər verir. Almaniya Qran Prisinin demək olar ki, hər dövrəsi hadisələrlə bol olub.  Yarış yağmurlu hava şəraitində başlayıb. İlkin olaraq, avtomobillər təhlükəsizlik avtomobilinin müşayəti ilə dörd dövrə vurublar. Bir müddət sonra trekin quruması komandalara sliklərə keçməyə sövq edib. Lakin, sonradan yenidən başlayan yağış yarışı daha da həyəcanverici edib. Qeyd etmək lazımdır ki, Almaniyada pit-stopların sayı hətta altıya da çatıb.

Məlum məsələdir ki, belə bir şəraitdə qəzaya düşənlər də çox olub. Birinci Serxio Peres idarəetməni itirərək baryerlərə çırpılıb. Bundan sonra qələbə şansı olan Şarl Lekler də səhv buraxaraq mübarizədən kənar qalıb. Lyuis Həmilton, Valtteri Bottas, Niko Hülkenberq, Pyer Qasli də qəzaya uğrayıblar.  Bu pilotların arasında yalnız Həmilton yarışa qayıda bilib.

Startda səhvə yol verən Maks Ferstappen bir müddətdən sonra üçüncülüyə yüksəlib, Həmiltonun səhvindən sonra isə, liderliyə yükəslib.  Maks təqibçilərindən bir neçə dəfə uzaqlaşsa da, təhlükəsizlik avtomobilinin hər çıxışı onun üstünlüyünü sıfıra endirib.  Lakin, gənc pilot əla pilotaj nümayiş etdirərək, bu mövsümdəki ikinci qələbəsini qazanıb. Üstəlik, yarışdakı ən sürətli dövrəyə görə verilən 1 xal da Maksın aktivinə yazılıb.

Son yerdən start alan Sebastyan Fettel də yarışa əla başlayıb. İlk onluğa daxil olmağı bacaran alman pilot, uzun müddət səkkizincilikdən yuxarı qalxa bilməyib. Lakin, finalda slik təkərlərinə keçmiş alman pilot rəqiblərini bir-bir keçərək ikinciliyə qədər yüksəlib. Güman edirəm ki, Kimi Rəykkonenlə mübarizəyə sərf edilən vaxt alman pilotu qələbə şansından edib.

Fettel 64 dövrəlik yarışın 63-cü dəvrəsində Daniil Kvyatı keçərək ikinciliyə yüksəlib. Rus pilot uğurlu strategiya və səhvsiz pilotaj sayəsində yarışı əla nəticə ilə başa vurub. Lens Stroll da yarışı dördüncü bitirərək Racing Point komandasına ən yüksək nəticəsini bəxş edib.

Karlos Sayns - beşinci, Aleksandr Əlbon - altıncı, Kimi Rəykkonen - yeddinci, Antonio Covinazzi - səkkizinci, Haas pilotları Qrojan və Maqnussen isə, doqquzuncu və onuncu olublar. Yarışdan sonra hakimlər Alfa Romeo pilotlarına pitdən keçmə cəzası tətbiq ediblər və onların zamanına 30 saniyə əlavə ediblər. Bu cəza nəticəsində Lyuis Həmiltona və Robert Kubitsaya «gün doğub» - Lyuis doqquzunculuğa yüksələrək iki xala sahib olub. Robert isə, Williams komandasına ilk xalını qazandırıb.