Amerikan Sikorsky və Boenig şirkətlərinin konsorsiumu gələcək çoxməqsədli SB>1 Defiant (ingiliscədən “cəsarətli”, “qüsursuz”, “itaətsiz”) helikopterinin konstruksiyasına əhəmiyyətli dəyişikliklər ediblər. Breaking Defense nəşrinin bildirdiyinə görə, helikopterin ABŞ ordusunun FLRAA tenderində iştirak edəcək yenilənmiş versiyası Defiant-X adlandırılıb. Konsorsiumun bəyanatında “X” hərfinin uçan aparatın yüksək texniki hazırlığından xəbər verdiyi bildirilir.

Xatırladaq ki, SB>1 Defiant helikopterinin yaradılmasına 2015-ci ildə başlanıb. Perspektiv helikopterdə sürətli X-2 və S-97 Raider helikopterlərinin nümayiş versiyalarının yaradılması və sınaqları zamanı əldə edilmiş təcrübədən istifadə olunub.

Sürətli helikopterin çəkisi 13,6 tondur. SB>1 Defiant Honeywell şirkətinin iki turboşaftlı T55 mühərrikləri ilə təchiz olunur. Helikoper 250 düyünə (463 km/saat) sürətlənə və 12 nəfərdən ibarət desantı daşıya bilər. Helikopter itələyici arxa vinti olan ikioxlu sxemə əsasən inşa edilib. SB-1 UH-60 Black Hawk helikopterini əvəzləməlidir.

Təkmilləşdirilmiş Defiant-X helikopteri yeni şassini əldə edib. Əgər əvvəlcə SB>1 Defiant helikopteri öndə iki dayağı və arxada sükan dayağı olan üçdayaqlı şassiyə malik idisə, indi helikopter quyruq hissəsində iki dayağı, burun tərəfində isə sükan dayağı olan şassini alıb. Yaradıcılarının bildirdiyinə görə, belə konstruktiv həll yolu maşını ağırlaşdırsa da, onu torpaq örtüklü aerodramlarda daha yaxşı dayanıqlıq ilə təmin edir.

Eyni zamanda, Defiant-X helikopterinin buraxılış sistemi də dəyişikliklərə məruz qalıb. Vizual olaraq, helikopter buraxılış sistemi maşının quyruq hissəsindəki aparıcı vintlərin altında yerləşən ucluqlarını itirib. Buraxılış sistemində hansı dəyişikliklərin edildiyi açıqlanmır, lakin mühəndislər yeni sistem sayəsində Defiant-X helikopterinin termal cəhətdən daha az görünən olacağını iddia edirlər.

Defiant-X sivri burunu, eləcə də buraxılış sisteminin əvvəlki ucluqlarının yerini tutan müqavimət sipərini alıb. Yaradıcılarının fikrincə, belə təkmilləşdirmələr helikopterin idarəolunma qabiliyyətini və sabitliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Nəhayət, helikopter maşını pilotsuz rejimə keçirmək funksiyası olan məsafədən elektron idarəetmə sistemi ilə təchiz ediləcəkdir.

2020-ci ilin oktyabrında SB>1 Defiant helikopterinin uçuş sınaqları keçirilib. Bu zaman helikopterin mühərrikinin gücünün üçdə ikisindən istifadə olunub. Sınaqlar zamanı, Sikorsky şirkətinin test-pilotu Bill Fell helikopteri düz xətt üzrə uçuşda 211 düyünə (390,7 km/saat), enişdə isə 232 düyünə (429 km/saat) sürətləndirib.

Bu ilin yanvar ayında Lockheed Martin şirkəti təkmilləşdirilmiş helikopterun müəyyən olunmuş profil üzrə ilk sınaq uçuşlarını həyata keçirdiyini bəyan edib. 5 yanvar 2022-ci il tarixində Defiant-X düz xətt üzrə uçuşda 236 düyün (437 km/saat) sürətini yığıb. Müqayisə üçün, AH-64D Apache Longbow helikopterinin maksimal sürəti 265 km/saat, KA-52 “Alliqator” helikopterinin isə 310 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.