Rusiyanın keçmiş rabitə nazirinin müavini və Yota şirkətinin həmtəsisçisi Denis Sverdlov tərəfindən İngiltərədə yaradılmış Arrival startapı Uber şirkəti ilə müqavilə imzalayıb. Sənədə görə, Arrival startapı Uber taksi sürücülərinin ehtiyaclarını tam ödəyəcək elektromobil hazırlayacaqdır. Üstəlik, layihələndirmə zamanı onların istəkləri fəal şəkildə nəzərə alınacaqdır.

Əslində söhbət ilk Arrival minik elektrokarından gedir. Bir müddət bundan əvvəl, startap elektrik poçt furqonunun və şəhər elektrobusunun layihəsini təqdim edib. Şirkət artıq İngiltərə və ABŞ-da iki kiçik zavodu inşa edir.

Yeni elektromobil haqqında demək olar ki, heç nə məlum deyil, Arrival şirkəti yalnız avtomobilin salonunun bir neçə tizerini paylaşıb. Maraqlıdır ki, tizerlərdə elektrokarın sükanı sağ tərəfdə olan versiyası göstərilir, odur ki, ilk elektrokarları İngiltərədəki Uber sürücülərinin alacağını söyləmək olar. Elektromobilin istehsalına 2023-cü ilin üçüncü rübündə başlanmalıdır, istehsalçısı isə onun "əlçatan" qiymətə malik olacağını vəd edib.

Arrival nümayəndələrinin Electrek.co nəşrinə bildiridiklərinə görə, razılaşma Uber şirkətinin elektromobillərin yeganə alıcısı olduğuna dəlalət etmir. Yeni elektrokarı digər taksi xidmətləri də sifariş edə biləcəklər. Nəzəri cəhətdən, Arrival şirkətinə avtomobilin fərdi istifadəçilər üçün nəzərdə tutulmuş variantını buraxmağa heç nə mane olmur. Lakin, indiyə qədər startapın təqdim etdiyi hər bir layihə yalnız iri şirkətlərin ehtiyaclarını nəzərə alır.

Arrival startapı 2015-ci ildən bəri fəaliyyət göstərir.Hazırda şirkətdə təxminən 1300 nəfər çalışır. İstehsalçı əlavə investisiyalar cəlb etmək məqsədi ilə, səhmlərini birjada yerləşdirməyə hazırlaşır.