Bu gün Xocalı soyqırımından 27 il ötür. XX əsrin sonlarında baş vermiş ən dəhşətli hadisənin qurbanlarını yad etmək üçün, Audi Club Azerbaijan klubunun üzvləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal ediblər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülübdür.