ABT Sportsline şirkəti ikinci nəsil Q7 krossoveri üçün yeni tüninq proqramını hazırlayıb. Alman tüner 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə təchiz edilmiş Audi Q7 50TDI krossoverinə əl gəzdirməyi təklif edir.

Kemptenli mütəxəssislər ABT Engine Control dəstini tətbiq edərək,dizel aqreqatının gücünü 330 at qüvvəsinə, fırlanma anını isə, 650 Nm-ə qədər artırıblar.

Avtomobilin xarici görkəmini onun yeni güc göstəricilərinə uyğun etmək üçün, tüner xüsusi olaraq bu model üçün hazırlanış aerodinamik kuzov dəstini təklif edir. Bu dəstin tərkibinə ön və arxa ətəklər və yan kandarlar daxildir. Bundan başqa, təkər tağlarının genişləndiriciləri, karbondan hazırlanmış radiator barmaqlığı, arxa spoyler və bir sıra karbon elementlər də təklif edilir. Əlbəttə ki, üç növ 22-düymlük təkər disklərini və klirensi tənzimləməyə imkan verən modulu da yaddan çıxarmaq olmaz.  

Audi Q7 modelinin interyer tərtibatında da karbon, dəri və alkantaradan geniş istifadə edilir. Karbon dekor elementlərindən ön paneldə, ötürmələr qutusunun dəstəyində və oturacaqların əsasında da istifadə edilir. Sükan çarxının tərtibatında da karbon və dəridən istifadə olunur.