J.D. Power agentliyin Çin bölməsi yerli bazarda satılan avtomobillərin illik keyfiyyət reytinqini dərc edib. Bu reytinq, 2021-ci ilin iyunundan 2022-ci ilin martına qədər avtomobil satın almış şəxslər arasında aparılan sorğuya əsaslanır. PP100 (Problems Per 100 Vehicles) adlanan keyfiyyət əmsalı 100 avtomobilə düşən aşkarlanmış problemlərin sayından asılı olaraq müəyyən edilir.

2022-ci ildə aparılan tədqiqatda Çinin 70 böyük şəhərində yaşayan 3914 avtomobil sahibi iştirak edib. Araşdırma 56 fərqli markadan olan 247 modeli əhatə edir. Sürücülərdən avtomobillərinin keyfiyyətini bir neçə meyar üzrə qiymətləndirmələri istənilib: konstruksiya ilə bağlı problemlər, qüsurlar və nöqsanlar. Sorğuda həmçinin doqquz kateqoriyadan olan 218 simptom sadalanıb: bu siyahıya eksteryer və interyer, displeylər, məlumat-əyləncə sistemi, funksiyalar və idarəetmə elementləri, oturacaqlar, sürücü yardımçıları, sürücülük təcrübəsi, güc aqreqatı və klimat-kontrol kimi göstəricilər daxil edilib.

Mütəxəssislər seqmentlərin hər birində ən yaxşı PP100 əmsalına malik olan brendləri müəyyən ediblər, üstəlik, Çin brendləri üçün ayrıca reytinq də tərtib olunub. Kütləvi brendlər arasında ilk üç yeri GAC-Honda, Dongfeng-Honda və Buick markaları, premium brendlər arasında isə, yalnız xarici markalar - Porsche, Lexus və Land Rover ilk yerləri tutublar. Çin brendlərinə gəlincə isə, ilk üçlük belə sıralanıb: Tank (Great Wall konserninə məxsusdur), Jetour (Chery şirkəti) və Venucia (Dongfeng şirkəti).

Etibarlı avtomobillər buraxan markaların ümumi sıralamasında Changan (100 avtomobilə 209 problem), Chery (215 problem), GAC (215 problem), Geely (216 problem), Dongfeng Fengon (219 problem) və Lynk & Co (219 problem) markaları da təmsil olunublar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.