Amerikan konserni cari ilin yazında özünün gələcək elektromobillərində Apple CarPlay və Android Auto texnologiyalarını tətbiq etməyəcəyini bildirib. Lakin bu bəyanat dilerlər və müştərilər tərəfindən heç də xoş qarşılanmayıb.

GM isə, öz növbəsində, bu sistemləri özünün hazırladığı yeni sistemlə əvəzləyəcəyini bildirib və öz məhsulunun daha yaxşı olacağını vəd edib.

İndi amerikalı istehsalçının yeni bir arqumenti var: Apple CarPlay və Android Auto təhlükəlidir. Bu barədə məlumatı Motor Trend nəşrinə amerkan konserninin məlumat-əyləncə məhsulları şöbəsinin başçısı Tim Bəbbit verib.

Apple CarPlay və Android Auto multimedia sisteminin ekranında telefondakı tətbiqlərdən istifadə etməyə imkan verən texnologiyalardır. Bununla belə, Bəbbitin sözlərinə görə, onlar sürücüləri avtomobili sürərkən smartfonları daha çox işlətməyə təhrik edirlər.

Bəbbitin bildirdiyinə görə, CarPlay və Android Auto tətbiqləri qeyri-sabitdirlər, zəif bağlantılardan və gec cavab müddətindən əziyyət çəkirlər. Belə "qüsurlar" ilə qarşılaşan sürücülər cavabı gözləməyə deyil, telefonlarını götürməyə üstünlük verirlər. Bu hallar sürücülərin diqqətinin yoldan yayınmasına gətirib çıxrır ki, bu da adı çəkilən proqramların faydasını sıfıra endirir.

Bununla belə, GM tərəfindən yaradılan sistem kifayət qədər yaxşı və funksionaldırsa, sürücülər avtomobili sürərkən telefonlarını çıxarmağa ehtiyac duymayacaqlar. Böyük ehtimalla, bu yenilik 2024-cü ildə Chevrolet Blazer elektrik krossoverində debüt edəcək Ultifi sistemi olacaq.

O, Google tətbiqlərini, o cümlədən Maps və Assistant, habelə səslə idarəetməni əldə edəcək: sonuncu sayəsində sistem diktə ilə zəng edə və mesaj yaza biləcək. Təbii ki, Ultifi vasitəsilə audiosistemi və klimat-kontrolu da idarə etmək mümkün olacaq.

Ödənişli xidmətlərsiz də ötüşməyəcək: GM konserni Ultifi istifadəçilərinə müxtəlif abunəlik xidmətləri təklif edəcəyini bu ilin yazında bildirib. Amerikan konserni 2030-cu ilə qədər abunə xidmətlərindən ildə 25 milyard dollara qədər gəlir əldə etməyi planlaşdırır.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.