İkinci nəsil Maserati GranTurismo kupesinin debütündən demək olar ki, il yarım keçib. Təqdimat zamanı italyan istehsalçısı tezliklə onun həm benzin, həm də elektrik mühərriki ilə hərəkətə gələn açıq versiyasının debüt edəcəyini bildirmişdi. Lakin yeni Maserati GranCabrio modeli yalnız indi işıq üzü görüb. Üstəlik, elektromobil tendensiyalarının əksinə olaraq, benzin mühərriki ilə təchiz edilmiş versiya birinci nümayiş olunub!

Açıq kuzovlu versiyanın GranTurismo kupesindən əsas fərqi, əlbəttə ki, elektriklə qatlanan yumşaq damıdır. Transformasiya prosesi 14 saniyə çəkir və 50 km/saata qədər sürətlərdə həyata keçirilə bilər. Yumşaq dam beş rəngdə (qara, mavi, boz, bej və qırmızı) təklif olunur və onun bölməsinin böyük qapağı baqaj girişini nəzərəçarpacaq dərəcədə kiçildib. Kabrioletin salonu əvvəlki kimi dörd nəfərlikdir: tərtibatçılar bilərəkdən “2+2” işarələnməsindən imtina ediblər, çünki ikinci sırada iki böyük sərnişin yerləşə bilər.

Maserati GranCabrio modelinin salonunun fərqləndirici xüsusiyyəti qızdırılan boyun sahəsi olan ön oturacaqlardır. Özü də bu sistem üç intensivlik səviyyəsinə malikdir. Bundan əlavə, salonda hava turbulentliyini azaltmaq üçün, arxa cərgəsinin üstündə quraşdırılan xüsusi deflektor mövcuddur. Qalan cəhətdən kabrioletin interyeri kupeni təkrarlayır. Ön paneldə üç ekran mövcuddur - cihazlar panelinin (12,2 düym), media sistemin (12,3 düym) və klimat-kontrolun (8,8 düym). Əlavə ödəniş qarşılığında 16 dinamiki və 1060 vatt gücü olan Sonus Faber audio sistemi təklif edilir.

Maserati GranCabrio Trofeo debüt versiyası Nettuno seriyasından olan 3,0-litrlik V6 biturbo mühərriki (550 at qüvvəsi, 650 Nm), səkkiz pilləli avtomatik transmissiya (ZF 8HP75) və elektron idarələnən arxa differensialı  olan tam ötürmə sistemi ilə təchiz edilir. Trofeo versiyasının zahiri xüsusiyyətləri - xarakterik ön hava girişləri və kandar örtmələridir. Kupedən 100 kiloqram ağır olan GranCabrio bir qədər yavaşdır: kabriolet 100 km/saata 3,6 saniyəyə (+ 0,1 saniyə) sürətlənir, onun maksimal sürəti isə, 316 km/saat (- 4 km/saat) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maserati GranCabrio modelinin satışlarına yayda başlanmalıdır. Daha sonra isə, GranCabrio modelinin modifikasiya çeşidində Modena baza versiyası (490 at qüvvəsi, 600 Nm) və üçmühərrikli Folgore (829 at qüvvəsi, 1350 Nm) elektrik versiyası peyda olmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.