22 dekabr 2023-cü il tarixində Kanadadakı Stellantis zavodunun konveyerindən V8 mühərrikli sonuncu Dodge Charger sedanı və Dodge Challenger kupesi çıxıb. Hələlik Challenger modelinin varisi haqqında heç bir məlumat yoxdur, lakin Charger modelini əvəz edəcək elektromobil artıq rəsmi olaraq təqdim edilib.

Amerikan istehsalçısı 2024-cü ildə V8 mühərrikli məşhur modeli əvəz edəcək seriyaöncəsi avtomobilinin şəkillərini yayımlayıb. Bu avtomobilin Dodge Charger Daytona SRT konseptinin sadələşdirilmiş versiyası olduğunu söyləmək gərəkdir.

Seriyaöncəsi kupe, vizual olaraq, 2022-ci ilin yayında nümayiş etdirilmiş prototipdən yeni yan güzgüləri, sol arxa qanaddakı sarj portunun qapağı, bucaqlı optikası və baqajın qapağındakı spoyler ilə fərqlənir. Gözlənildiyi kimi, amerikan avtomobil istehsalçısı konveyerə gedən yolda Daytona Charger SRT prototipini sadələşdirmək üsulunu seçib.

Ancaq tarixi üçbucaqlı Fratzoq emblemi yerində qalır. Yeni modelin texniki xüsusiyyətləri barədə rəsmi məlumat yoxdur. Modelin ən azı tam elektrik versiyasının bazara çıxacağı aydındır, lakin çox güman ki, kupe hibrid güc qurğusu və benzin turbomühərriki ilə təchiz edilmiş variantları da alacaq.

Yeni Dodge kupesinin altısilindrli Hurricane mühərriki ilə təchiz ediləcəyi gözlənilir. İnsayderlərin bildirdiyinə görə, kupenin baza versiyası arxa oxda 410 at qüvvəli  elektrik mühərriki quraşdırılmış arxa ötürməli elektromobil olacaq.

Onu 680 at qüvvəsi hasil edən ikimühərrikli güc qurğusuna malik olan tam ötürməli orta versiya təqib edəcək. Flaqman versiyası isə, 900 at qüvvəsinə sahib olmalıdır. Modelin kütləvi təqdimatı 2024-cü ilə planlaşdırıldığı üçün yeni Dodge kupesi haqqında ətraflı məlumat yaxın aylarda açıqlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.