Euro NCAP assosiasiyası 2026-cı ilin yanvarında nəqliyyat vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün hazırladığı yeni protokolu təqdim edəcək. Bu protokolun əsas məqamlarından biri fiziki idarəetmə orqanlarının mövcudluğu olacaq. Uzun müddətdir ki, avtomobil sənayesində müşahidə olunan displey aludəçiliyi böyük problemə çevrilib: sürücülər menyudakı lazımi elementiləri axtararkən baxışlarını yoldan ayırmalı olurlar.

Buna baxmayaraq, istehsalçılar ucuz başa gəldikləri üçün sensor panellərdən istifadə etməyə üstünlük verirər. Bundan əlavə, sensorlu ekranlar avtomobillərin interyerlərini texnoloji cəhətdən daha qabaqcıl göstərirlər. Məsələn, Çində avtomobildəki displeylərin sayı güc və ya dinamika xarakteristikalarından daha böyük əhəmiyyət kəsb edir.

Euro NCAP assosiasiyasının inkişaf üzrə direktoru Metyu Eyveri “Times” nəşrinə verdiyi müsahibədə, gələcəkdə ən yüksək reytinqi almaq üçün, şirkətlərin ən azı qəza işıqları, dönmə siqnalları, səs siqnalı, şüşəsilən və təcili yardım xidmətlərinin çağrılması üçün fiziki idarəetmə orqanlarını saxlamalı olacaqlarını bildirib.

Digər hallarda, istehsalçılar istədiklərini etməkdə sərbəst olacaqlar, lakin tələblər sərtləşdirilə də bilər. İstənilən halda, qiymətləndirmənin necə aparılacağı barədə hələlik heç bir məlumat verilməyib. Bununla belə, Eyveri yeni protokolun mütləq tətbiq olunacağından əmindir - şirkətlər bu barədə məlumatlandırılıblar və yeni protokolu tam dəstəkləyirlər.

Son araşdırmalar da göstərir ki, avtomobil sahiblərinin əksəriyyəti əvvəlki kimi, sensorlu ekranlara deyil, fiziki düymələrə üstünlük verirlər. Alıcıların tənqidləri getdikcə daha çox səslənir ki, belə narazılıqlar hətta Volkswagen şirkətinin sükan çarxındakı sensorlu panellərindən imtina etməsinə gətirib çıxarıb -  avtomobil sahibləri tərəfindən toxunma hissi innovativ texnologiyalardan daha vacib sayılır.

Yenilənmiş Golf ənənəvi düymələri qaytaran ilk Volkswagen modelidir, lakin Euro NCAP assosiasiyasının yeni protokolu tanış düymə və açarların sayının artmasına səbəb ola bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.