Krossoverlərin populyarlığının və satış göstəricilərindəki payının artmasına baxmayaraq, Cadillac şirkəti hələ də ABŞ bazarında sedanları satmağa davam edir. Məsələn, keçən il Şimali Amerikada orta ölçülü CT5 modeli 16 minə yaxın nüsxədə satılıb. Müqayisə üçün, XT seriyasından olan krossoverlərin satış rəqəmləri artıq 20 mini keçib. Buna baxmayaraq, Cadillac CT5 hələ də amerikan markasının model cərgəsindəki yerini qoruyur və onun yenilənmiş versiyası bu gün işinə başlamış Detroit avtosalonunda debüt edib.

Eksteryerdəki dəyişiklər yalnız ön tərəf ilə məhdudlaşıblar: Cadillac gündüz hərəkət işıqların “dişlərini” saxlayaraq əvvəlki üfüqi fənərləri şaquli variant ilə əvəzləyib. Bamper və radiator barmaqlığı da yenidən işlənib. Sport versiyasının ön hissəsi incə hüceyrələri olan qara radiator barmaqlıöı sayəsində daha aqressiv görünüşə sahib olub. Bununla belə, Sport versiyası ilə baza versiyası arasında elə fundamental fərq yoxdur. Arxa tərəfdə isə, ümumiyyətlə dəyişikliklər olmayıb.

Salondakı əsas yenilik – cihazlar panelinin və media sisteminin menyusunu əks etdirən vahid 33 düymlük  (9K təsvir ölçüsü) klasterdir. Cadillac analoq cihazlarından və  multimedia sisteminin ayrıca ekranından imtina edərək, tədricən bütün modellərində bu həlli tətbiq etmək niyyətindədir.

Bununla belə, CT5 sedanının ön panelinin aşağı hissəsi, mərkəzi tuneli və sükanı əvvəlki kimidir. Elektron köməkçilər kompleksi yenilənib, standart təchizata avtomatik əyləcləmə və kor nöqtələrə nəzarət sistemləri daxil edilib, üstəlik onların imkanları bir qədər genişləndirilib. Super Cruise avtopilotu opsiyadır.

Mühərrik çeşidində də dəyişikliklər baş verməyib. Əvvəlki kimi, 240 at qüvvəli 2,0-litrlik “turbodördlük” və 340 at qüvvəli 3,0-litrlik V6 biturbo mühərriki arasında seçim etmək mümkündür. Hər iki güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Hər iki halda da arxa və ya tam ötürmə (ön ox muftası ilə) arasında seçim etmək şansı verilir. "Bərkgedən" Cadillac CT5-V və ekstremal CT5-V Blackwing modelləri daha sonra yenilənəcəklər.

Yenilənmiş Cadillac CT5 modelinin Amerika bazarındakı satışlarına 2024-cü ilin yazında başlanılmalıdır. Hazırda ABŞ-da yenilənmədən əvvəlki sedanlar 39 min dollardan başlayan qiymətlərlə satılırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.