R232 seriyasından olan Mercedes-Benz SL kabrioletinin cari nəsli 2021-ci ildə təqdim edilib. Sonra isə, bazara 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilmiş iki versiya çıxıb - gücləndirmə dərəcəsi ilə fərqlənən SL 55 və SL 63. Bir il sonra, tam ötürməni və adaptiv asqısını itirən dördsilindrli baza mühərriki ilə hərəkətə gələn SL 43 versiyası buraxılıb. İndi isə, növbə Mercedes-AMG SL 63 S E Performance top versiyasına gəlib çatıb.

Uzun-uzadı adından göründüyü kimi, bu versiyasının əsas xüsusiyyəti artıq Mercedes-AMG GT liftbəkindən tanış olan firma AMG E Performance hibrid sistemidir. Onun tərkibinə yuxarıda adı çəkilən 4,0-litrlik V8 M177 biturbomühərriki və “yaş” muftalı 9-pilləli AMG Speedshift MCT-9G avtomatik transmissiyası daxildir. Hibrid üçün bu mühərrik 612 at qüvvəsi və 850 Nm hasil etmək üçün sazlanıb. Əlavə 14 at qüvvəsini isə, hərəkətə başlayan zaman quraşdırılmış startyor-generator təmin edir.

Arxa oxda sinxron elektrik modulu quraşdırılıb. Bu modul özündə 204 at qüvvəsi və 320 Nm hasil edın sinxron elektrik mühərrikini, ikipilləli reduktoru və elektron kilidi olan təkərlərarası differensialı birləşdirir. Xüsusi hazırlanmış AMG dartma batareyası sanballı tutumu ilə öyünə bilməz - cəmi 6,1 kilovat/saat. Lakin o, yüksək cərəyan hasilatına və 560 özəyin hər birinin maye ilə fərdi soyudulmasına malikdir.

4Matic+ mexaniki tam ötürümə sistemi kardan valına malikdir. Normal hibrid rejimində o, daxiliyanma mühərrikinin dartma qüvvəsini arxa təkərlərə ötürür. Bununla belə, sırf elektrik rejimində hərəkət edərkən isə, standart paylama qutusu və mərkəzi muftadan istifadə edərək, fırlanma anı kardan vasitəsi ilə əks istiqamətdə - elektrik mühərrikindən ön təkərlərə ötürə bilər.

Bütün bu texniki fəndlər təsiredici idarəetmə xüsusiyyətlərinə nail olmağa imkan verib. E Performance güc qurğusunun ümumi hasilatı 816 at qüvvəsi və 1080 Nm təşkil edir. Bu, AMG GT liftbəkində olduğundan bir qədər azdır. 100 km/saata sürətlənmə 2,9 saniyə çəkir. Müqyisə üçün: sırf daxiliyanma mühərriki ilə hərəkətə gələn SL 63 kabrioleti bu işə 3,6 saniyə sərf ediir. 

Bununla belə, maksimal sürət yalnız simvolik olaraq artıb – 315-dən 317 km/saata. Hibridin çəkisi açıqlanmır, lakin tərtibatçılar əldə edilən yanacaq səmərəliliyi göstəriciləri ilə fəxr edirlər: benzin versiyasındakı 12,8 əvəzinə 7,7 litr. Elektrik rejimində qət edilən məsafə isə, cəmi 13 kilometrdir.

Benzin mühərrikli SL 63 kimi, E Performance Hybrid kabrioleti də artıq standart olaraq klassik köndələn dayanıqlılıq stabilizatorlarının əvəzinə hidravlik sistemli AMG Active Ride Control şassisi ilə təchiz olunur. Manevr və sabitliyi artırmaq üçün idarələnən arxa ox arxa təkərləri cüzi bucaq altında döndərə bilən elektrik aktuatorları ilə təchiz edilir. Ön əyləclər altıporşenli, arxa əyləclər isə təkporşenli mexanizmlərlə təchiz edilib. Hibrid üçün xüsusi olaraq karbon-keramika əyləc disklərinin diametri öndə 420, arxada isə 380 millimetrə qədər artırılıb.

Eksteryer tərtibatı baxımından hibrid elə də güclü fərqlərə malik deyil. Bunlar arxa bamperdəki qapaq (batareyanı doldurmaq üçün), parlaq qırmızı nişanlar, habelə ön qanadlardakı “E Performance” yazılarıdır. Menyuya yeni maddələr əlavə olunsa da, interyerdə fərqləndirici əlamətlər yoxdur. Bununla belə, Manufaktur proqramının geniş fərdiləşdirmə imkanlarından istifadə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG SL 63 S E Performance hibrid versiyasının qiyməti hələ açıqlanmayıb, lakin onu təxmin etmək çətin deyil. Əgər Almaniyada AMG GT hibrid liftbəki ən azı 208 min avroya başa gəlirsə,  GT 63 və SL 63 benzin modelləri arasında qiymət fərqi cəmi 27 min avro təşkil edirsə, onda ən güclü kabriolet üçün təxminən 235 min avro tələb olunmalıdır.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.