Üçüncü nəsil Peugeot 308 modeli bir il yarım bundan əvvəl debüt edib. 308 modelinin çeşidində benzin, dizel və hibrid modifikasiyaları var, ancaq fransız istehsalçısı sırf elektrik versiyasının olacağını öncədən bəyan etmişdi. İndi belə versiya hazırdır. Peugeot E-308 elektrokarı iki kuzov növü ilə debüt edib - hetçbek və universal. Bununla belə, Peugeot E-308 Avropa bazarında təklif edilən ilk elektrik universalı deyil: çinlilər keçən il MG 5 universalını bazara çıxarıblar.

Eksteryer və interyerin tərtibatına gəlincə, elektrik versiyaları digər 308 modellərindən heç nə ilə fərqlənmirlər. Hətta standart radiator barmaqlığı da saxlanılıb, lakin Peugeot E-308 yalnız zəngin Allure və GT təchizat səviyyələrində təklif olunur.

Ona görə də, elektrokarların standart avadanlıq siyahısına ön matrisa fənərləri, 18-düymlük təkər diskləri, virtual cihazlar paneli və əlavə i-Toggles taçpadı olan media sistemi daxil edilib.

Ön oxda quraşdırılan elektrik mühərriki 156 at qüvvəsi və 260 Nm hasil edir. 54 kilovat-saatlıq dartma batareyası (51 kilovat/saatı istifadə olunur) litium-nikel-manqan-kobalt ərintisindən katodu olan litium-ion batareyasıdır. Dolu batareya ilə elektrokarlar 400 kilometrdən (WLTP dövrünə əsasən) çox məsafə qət etməlidirlər, lakin dəqiq rəqəm daha sonra açıqlanacaqdır.

Peugeot E-308 üçün Eco, Normal və Sport hərəkət rejimləri nəzərdə tutulub, həmçinin maksimum rekuperasiyanı təmin edən ayrıca Brake preseti də mövcuddur. Dəyişkən cərəyanlı yükləmə cihazı 11 kilovat gücə malikdir. 100 kilovatlıq daimi cərəyanlı terminaldan isə, batareyanın 20%-dən 80%-ə qədərini 25 dəqiqədən az müddətdə doldurmaq olar.

Peugeot E-308 modeli Avropa bazarına gələn il çıxmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin elektromobilin Fransada qiyməti 37 600 avrodan başlayan 308 hibridindən baha olacağı şübhəsizdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.