2011-ci ildə debüt etmiş Huayra hiperkarı Pagani şirkətinin ikinci modeli olub. O, əfsanəvi Pagani Zonda hiperkarını əvəz edib. Keçən il isə, üçüncü model - Pagani Utopia kupesi işıq üzü görüb. Bununla belə, Horazio Paqani Huayra hiperkarını təqaüdə göndərməyə heç də tələsmir. Bu günlərdə italyan istehsalçısı hiperkarın başqa bir versiyasını - Pagani Imola Roadster modelini nümayiş etdirib.

Pagani Imola

Orijinal Imola hiperkarı üç il əvvəl işıq üzü görüb: ayrı ada baxmayaraq o, Huayra hiperkarının yalnız başqa bir modifikasiyasıdır. Cəmi altı nüsxədə (beş əmtəə nüsxəsi üstəgəl şəxsən Horatio Paqani üçün hazırlanmış bir hiperkar) inşa edilmiş və əfsanəvi italyan avtodromunun adını daşıyan kupe, mahiyyətcə ictimai yollara çıxışı olan yarış avtomobilidir.

Imola inkişaf etmiş aerodinamik kuzov dəsti, 838 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 AMG biturbo mühərriki ilə öyünə bilər. Avtomobili daha yüngülləşdirmək üçün xüsusi "yüngül" kuzov boyasından istifadə edilib. Nəticədə hiperkar təsiredici 1246 kiloqramlıq boş çəkiyə malikdir.

Pagani Huayra R

Yeni Pagani Imola Roadster üç il əvvəl debüt etmiş kupenin yalnız açıq versiyası deyil. Rodsterin yaradılması zamanı, Imola baza modelindən sonra - 2021-ci ildə peyda olan Huayra R trek hiperkarında sınaqdan keçirilmiş bir çox həllərdən istifadə edilib. Məsələn, aerodinamik dayaq trek hiperkarının motivlərinə əsasən yenidən işlənib. Bu, xüsusən də yan hava yönləndiricilərində özünü biruzə verir.

Avtomobilin bütün enini əhatə edən nəhəng arxa diffuzor və arxa antiqanadın dayaqları kimi çıxış edən yan “üzgəclər” xüsusilə diqqəti cəlb edirlər. Bu elementlər Pagani Imola baza kupesindən götürülüb. Yeni aerodinamik dayaq, 280 km/saat sürəti ilə hərəkət zamanı, 600 kiloqrama bərabər olan yerəbasma qüvvəsini yaratmağa qadirdir.

Pagani Utopia

Şassinin hazırlanmasında Carbo-Titanium HP62-G2 və Carbo-Triax HP62 (yəni, karbon və titan qarışığı) materiallarından istifadə edilib. Boyanma prosesində isə, 5 kiloqram çəkiyə qənaət etməyə imkan verən Acquarello Light örtüyündən istifadə olunub.

Yüksək sürətlərdə effektiv əyləcləməni Brembo karbon-keramika mexanzimləri təmin edir. Hiperkar onun üçün xüsusi olaraq yaradılmış Pirelli P Zero Trofeo RS şinləri ilə təchiz edilib. Pik sürətlənmələr 2,2 g-yə çata bilərlər - həm döngələrdə, həm də əyləcləmə zamanı.

Kupe kimi, Imola Roadster də AMG bölməsinin istehsalı olan 6,0-litrlik V12 biturbo mühərrikinə malikdir, lakin o bir qədər güclüdür - 850 at qüvvəsi. 1100 Nm-lik fırlanma anı 3600-dən 5600 rpm-ə qədər olan diapazonda əlçatandı.

Mühərrik yeddi pilləli Xtrac sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Nəticədə, quru çəkisi 1260 kiloqram olan rodster 350 km/saat (elektron məhdudlaşdırılır) həddinə sürətlənməyə qadirdir. Rodsterin 100 km/saata sürətlənmə vaxtı açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pagani Imola Roadster hiperkarı səkkiz nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq və onların hər biri unikal olacaq, çünki Pagani Grandi Complicazioni bölməsi tərəfindən hazırlanmış geniş fərdiləşdirmə proqramı var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.