Türkiyənin TOGG şirkəti tezliklə bazara yeni elektrik sedanını çıxarmağı planlaşdırır. TOGG şirkəti (Türkiye'nin Otomobili Girişim Grubu) elektrik sedanın dizaynını 2021-ci ildə patentləşdirib və 2022-ci ildə CES istehlak elektronikası sərgisində onu konsept statusunda nümayiş etdirib. İndi isə, TOGG seriya sedanın 2024-cü ilin sonunda konveyerə, 2025-ci ildə isə satışa çıxarılacağını bəyan edib.

2022-ci ildə nümayiş etdirilmiş konseptin adı Transition idi, lakin TOGG onu Smart Device – yəni “ağıllı cihaz” adlandırırdı. Prototip mərkəzi dayaqları olmayan taybatay açılan qapılara, salonda isə, ön panelin demək olar ki, bütün eni boyunca uzanan vahid konsol da daxil olmaqla bir neçə ekrana malik idi. Hətta avtopilot da bəyan edilmişdi. Konsept, türk brendinin İtaliyanın Pininfarina studiyasının üzərində işlədiyi yeni korporativ dizayn üslubunu nümayiş etdirirdi. Sedanın seriya versiyasının konseptən o qədər də fərqlənməcəyini güman etmək olar.

Dunya.com nəşrinin bildirdiyinə görə, hazırda Türkiyədə 15 mindən çox TOGG avtomobili var və gələn il şirkət istehsal həcmini üç dəfə artırmaq niyyətindədir. Hələlik türk brendinin model xəttində bir avtomobil var: ilk sahibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olan T10X elektrik krossoveri. Xatırladaq ki, TOGG T10X krossoverinin ikinci nüsxəsi Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.