Ayaqqabı kişinin imicini yaradan faktorlardan biridir. Onun obraza uyğunluğu, dəbli olması ilə yanaşı, həm də təmiz və baxımlı olması şərtdir. Sahib olduğunuz ayaqqabının uzun illər ərzində təzə qalmasının “sirri” – ona quluqdur. İnsan dərisinin qulluğa ehtiyacı olduğu kimi, ayaqqabının da var.

Aşağıda bir necə məsləhətlərlə bölüşürəm

İlk növbədə, qarderobda mövsümə görə bir neçə ayaqqabının olması vacib şərtlərdəndir. Bir ayaqqabını bir gün geyindikdən sonra, ondan azı 24 saat istifadə etməmək, dincəlməsinə imkan vermək lazımdır. Onu, çıxardıqdan sonra, çirk, ləkə və tozdan yumşaq parça yaxud ayaqqabı fırçası ilə təmizləmək, qırışların dərinləşməsinin qarşısını almaq üçün içərisinə qəlib yerləşdirmək lazımdır.

✽ Baza qarderob haqqında – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Təbii dəridən ayaqqabıya baxım

Əsl dəridən olan ayaqqabılar baha olur və uzun illər istifadə etmək üçün yaradılıb. Onu təmizləmək üçün xüsusi kremlər əldə etmək gərəkdir. Mağazalarda satılan kremlər bunun üçün uyğun deyil, çünki tərkibi kimyəvi maddələrdən ibarətdir. Məsələn, ayaqqabını yeyin təmizləmək üçün təklif edilən nəm süngələrin tərkibindəki silikon və digər kimyəvi maddələr dərini tez parladır. 

Xüsusən, bahalı dəri ayaqqabı üçün orqamik krem, balzam və spreylər istifadə etmək məsləhətdir.

Təəssüf ki, Bakıda belə kremləri tapmaq o qədər də asan deyil, amma Umico tətbiqində Fransanın Saphir markasının məhsullarını tapa bildim. Bu istehsalçının məhsulları təbii inqrediyentlərdən hazırlanır, dəri üçün xeyirlidir və mütəxəssislər tərəfindən yüksək qiymətləndirlir. Orta sinif ayaqqabı markalarının satış mağazalarındakı kremlərin tərkibi də sual altındadır.

Amazon-da axtarış üçün "Natural ingredients shoe care” yazın

Amazon-da isə bir neçə markarın məhsullarından seçmək olar. Tanınmış markalar – Saphir, Otto Wax, Tarrago, Solitaire-dir. Bu markaların krem, mum, balzam və müxtəlif spreylərini sifariş etmək olar. Onların tərkibi təbii inqrediyentlərdən hazırlanır, hətta Aloe Vera, C vitamini, arı mumu, çay ağacı yağı və digər təmiz, sağlam olan inqrediyentlər daxildir. Qarderobdakı ayaqqabıların müxtəlif rənglərdə olduğu halda neytral rəngli krem alaraq hamısına tətbiq etmək olar.

Necə təmizləmək lazımdır

Öncə ayaqqabının üzərindən çirki və ləkələri silmək lazımdır. Bunun üçün yuxarıda sadaladığım markalardan olan təmizləyici və fırçadan istifadə edilir. Çirkin çox olduğu təqdirdə təmizləmə köpüyü və yaş parçadan istifadə etmək olar. Növbəti prosedur – nəmləndirici krem və balzamdan istifadə ayaqqabının dərisini yeniləyir, rəngini canlandırır. Kremi fırça ilə deyil, pambıq materiallardan olan yumşaq parça ilə çəkib, hopdurmaq gərəkir. O, dərini yumşaldıb yeniləyərək qurumaqdan qoruyur. 

Qoruyucu krem isə dərini palçıq, su və digər çirkablardan qoruyur. Yenə də krem yaxud spreydən istifadə edərək ayaqqabını suya qarşı davamlı (waterproof, water resistance) etmək olar. 

Mağazalarda satılan spreylər kimyəvi maddələrdən hazırlandığı üçün onların tərkibindəki silikon ayaqqabının səthində görünməyən qoruyucu təbəqə yaradaraq suyun keçməsinin qarşısını alır. Lakin, silikon hava keçirməni də məhdudlaşdırır. Bu da ayağın tərləməsinə, həmçinin ayaqqabının dərsinin qısa müddətdə qurumasına, nəticə olaraq çatlama və korlanmasına gətirib çıxaracaqdır. Bunları yaşamamaq üçün orqanik sprey, mum və kremlərdən istifadə etmək məsləhətdir. 

Çəkməni və ayaqqabını sudan qorumaq üçün Cobbler's Choice Waterproofing Spray yaxud Leather Cream, Saphir Invulner, Otter Wax Boot Wax mumlarını və spreylərini istifadə edilə bilər. Spreylər daha rahat olduğu üçün onları məsləhət görərdim. Həm də spreylərin əksəriyyəti universal olduğu üçün dəri, zamşa, nubuk kimi materiallarda da istifadə edilə bilərlər. Onların tərkibində kimyəvi maddələr yoxdur. Mumları zamşaya hopdurmaq uzun və əziyyətli proses olduğu üçün, ancaq vaxtı və həvəsi olanlara uyğundur.

✽ Bu məqalə maraqlıdır – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤

Bu üsulu dəridən olan hər bir ayaqqabıya (çəkmə, krossovka da daxil olmaqla) tətbiq etmək mümkündür. Nəinki ayaqqabı, həmçinin dəri, zamşa, nubuk materiallardan olan gödəkçə (hər bir dəri geyim), çanta, qolbaq, bel və saat kəmərləri, portmone, eynək qablarını da bu sprey və kremləri tətbiq etməklə təmizləmək və qorumaq olar. 

Əgər əlinizin altında bu kremlər yoxdursa, zeytun yağı yaxud vazelin ilə dərini nəmləndirmək olar. Bunun üçün parçani iki barmağınıza dolayaraq, az miqdarda zeytun yağına (vazelinə) batıraraq dərini silin. İlk anda açıq rəngli dəri qarala bilər, amma qorxmayın, yağ quruduqdan sonra heç bir iz qalmayacaq. 

Təmizləmə prosedurlarından sonra ayaqqabını (yaxud dəri geyim, çanta və aksesuarları) bir gün istifadə etməmək yaxşı olardı.

Ayaqqabıları istifadə etmədiyiniz müddətdə daxilinə qəlibləri yerləşdirərək saxlayın. Qəlib olmadığı təqdirdə, aldığınız zaman qutunun daxilindəki kağız “qəlibləri” yaxud kağızı əzərək onun burun hissəsiniə kip yerləşdirmək olar.

Süni material ayaqqablara baxım

Ekstremal istifadə (qaçış, idman) üçün nəzərdə tutulmuş ayaqqabılar əsasən sintetik materiallardan hazırlanır. Səbəbi də onların daha dözümlü, müxtəlif şəraitlərə və temperaturlara davamlı olmasıdır. Bunlar əsasən idman ayaqqabılarıdır. Onları təmizləmək dəridən asandır. 

Son illərdə təbii dəriyə alternativ olaraq, yüksək keyfiyyətli sintetik dəridən hazırlanmış məhsullar təklif edilir. Buna misal kimi, Vegan və PU (poliuretan) dəriləri göstərmək olar. Onlar da sintetik olduğu üçün eyni üsulla təmizlənə bilərlər.

✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤

Vegan dəri təkrar emalın məhsuludur - onun istehsalında dəri qalıqlarından və kimyəvi maddələrdən istifadə edilir. Təbii əsaslı olmasına baxmayaraq, o, yenə də tərkibində kimyəvi maddələr olan materialdır. 

PU dəri isə neft məhsullarından yaradılmış tam sintetik dəridir. O, təbii dəriyə çox bənzəyir, hava keçirir və suya qarşı davamlıdır.

Onları necə təmizləmək olar

Süni dəridən olan ayaqqabıları ev şəraitində, qab yumaq üçün geldən yaxud diş pastasından istifadə etməklə təmizləmək mümkündür. Bunun üçün otaq temperaturunda yaxud ilıq suya gel əlavə edərək, süngər yaxud diş fırçası ilə ayaqqabının səthini çirk və tozdan təmizləmək gərəkdir. Diş pastasını isə diş fırçasına sıxaraq, ayaqqabını dişinizi təmizlədiyiniz kimi sürtmək lazımdır.

Sonra isə onları yaş parça ilə sabun və pastadan təmizləyərək, dəsmala sarıyın. Dəsmal nəm və suyu özünə çəkərək ayaqqabının tez qurumasını təmin edir. Ayaqqabıları dəsmaldan çıxararaq otaq temperaturunda tam quruması üçün açıq yerə qoyun. Günəş istisi, fen, qızdırıcı cihazlardan istifadə etmək olmaz, çünki isti ayaqqabını deformasiya edə bilər. Saxlama və qurutma zamanı yenə də qəliblərdən istifadə etmək lazımdır.

Parça ayaqqabıları da sintetik material üsulu ilə təmizləmək olar. 

Çox zaman belə ayaqqabıları paltar yuyan maşın vasitəsi ilə yuyurlar. Bu da bir üsusldur, lakin maşın onların daha tez aşınmasına səbəb olacaqdır. Ən azından paltaryuyan maşında keyfiyyətli geldən istifadə edin. Qənaət etmək məqsədi ilə istifadə etdiyiniz aşağı keyfiyyətli yuyucu toz sonra sizə baha başa gələ, ayaqqabının rənginin və özünün korlanmasında səbəb ola bilər.

Maşında yumazdan öncə ayaqqabının bağlarını və içliyini çıxarmaq lazımdır. Bağları yuyucu toz yaxud gellə köpüklənmiş suda 15 dəqiqə saxlamaq yetərlidir. Sonra isə onları sıxaraq, zivədən asaraq qurutmaq olar. İçlik sintetik materialdan olduğu halda onu gel və süngər ilə, dəridən olduqda isə xüsusi baxım kremləri və spreyləri ilə təmizləmək gərəkdir.

Ayaqqabı qəlibləri

İdeal olaraq taxta qəliblərdən istifadə daha yaxşıdır. Qəliblərin də müxtəlif növləri var. Lakin, taxtadan qəliblər bahalı olduğu üçün, daha ucuz plastik qəliblər də işə yarayır. Trednyoldan ucuz qəlibləri sifariş etmək olar. Ucuz qiyməti (2-5 manata da olur) nəzərə alsaq, çoxlu sayda qəlib sifariş etmək heç də baha başa gəlməyəcəkdir.

Ayaqqabı fırçasını necə seçmək lazımdır

Bahalı ayaqqabılara investisiya edərkən, onların uzun müddət istifadə etməyi planlaşdırırsınız. Bu halda, təmizlik aksessuarlarına da pul xərcələməniz gərəkdir. 

Krem və spreylər barədə artıq yuxarıda oxudunuz. Online mağazalzarda xüsusi materialdan hazırlanmış parçanı əldə etmək olar. Daha qənaətcili isə, evdə artıq istifadə etmədiyiniz 100 faizlı pambıq parça ola bilər. 

Fırçalara gəldikdə isə, dəri üçün at saçından olan fırçalar məsləhət görülür ki, dərini çızmasın və daha zərif cilalasın. Keçi tükündən olan fırça daha yumşaqdır və artıq cilalanmış səthlər üçündür. Donuz tükündən olan fırça çox sərt olduğu üçün, almaq məsləhət  deyil. Mağazalarda satılan ucuz fırçalar sintetik materialdan hazırlanır və sərt olduğu üçün dəridə dərin izlər buraxa bilər. Bu da dərinin üst qatına zərər yetirəcəkdir. Sintetik fırçadan altlıqları təmizləmək üçün istifadə etmək olar.

Fırçalar bir neçə növə bölünür. Təmizləmək üçün fırçalar 13-17 sm, cilalamaq  üçün isə, 20+ sm ölçüdə olur. Böyük fırçanın tükləri 3.5-4 sm uzunluğunda olur. Ayaqqabılar müxtəlif rənglərdə olduqda, onların sayı qədər fırçanın olması daha məqsədəuyğundur. Əks halda ayaqqabını təmizləyəndən sonra, fırçanı yumaq məcburiyyətində qalacasınız.

Zamşa üçün fırçalar fərqli olur, onlarda tükü rezin əvəz edir. Ən yaxşısı üçü birində olanı əldə etməkdir. Belə fırçalar həm ləkəni çıxartmaq, həm tükləri qaldırmaq üçün metal simlərə malikdirlər, eyni zamanda, onlardan rantı (ayaqqabının üst və altlığını birləşdiyi yerdə tikiş olan hissə) təmizləmək üçün istifadə etmək olar.

Onu da əlavə etmək istərdim ki, belə aksessuarlardan uzun illər istifadə olunduğuna görə, onlara yalnız bir dəfə pul xərclənir, ona görə də qənaət etməyə dəyməz. 

Ayaqqabıların uzun müddət saxlanması

Fəsillərarası ayaqqabıları saxlamaq üçün xüsusi rəflər sifariş etmək yaxud qutular almaq olar. Daha az xərc tələ edəni isə, ayaqqabının öz qutusaundan istifadə etməkdir. Aldıqdan sonra qutunu saxlayıb, fəsillər arasında ayaqqabıları saxlamaq üçün istifadə etmək olar. Ayaqqabıları saxlamaq üçün qutuya yerləşdirməzdən öncə, əvvəldə göstərildiyi kimi ayaqqabının hər tərəfli təmizləyib, kremlə işləyin, daxilinə taxta qəlibləri, yaxud aldığınızda qutuda olan kağızları yerləşdirin.

Bahalı ayaqqabıların qutusundə əlavə parça torbalar olur. Bu halda ayaqqabıları həmin torbalarda saxlamaq olar. Lakin, onları saxlanca qoymazdan öncə əvvəldə göstərildiyi kimi tam təmizləmək, nəmləndirmək lazımdır. Ayaqqabının içinə xüsusi dezodorant da vurmaq lazımdır ki, xoşagəlməz qoxular olmasın. 

Qutuları nəm və soyuq yerdə deyil, otaq temperaturunda, normal nəmişlik səviyyəsi olan yerdə saxlamaq lazımdır. Çox soyuq və nəm dərinin korlanmasında səbəb ola bilər.

Yuxarıda sadalananları oxuyanlar arasında -“heç özümə belə baxmıram!”, - deyənlər olacaq. Onlara səslənmək istəyirəm - özünüzə baxmaq da sizi sağlam və uğurlu göstərəcəkdir. Çünki, sağlam və təmiz geyinən insanlar daha etibarlı sayılırlar, özü də hər bir sahədə.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.