Bentley Bentayga krossoveri düz beş il bundan öncə, 2015-ci ildə Frankfurt avtosalonunda debüt etmişdi. Debütündən kifayət qədər vaxt keçsə də, avtomobil yenilənməyə məruz qalmayıb. Lakin, bu günlərdə casuslar tərəfindən çəkilmiş şəkillər krossoverin yaxın zamanlarda yenilənəcəyindən xəbər verir.

Bununla belə, dəyişikliklərin ciddi xarakter daşıyacağı ehtimal edilmir. Çox güman ki, Benley şirkətinin dizaynerləri krossoverin eksteryer dizaynına yüngülcə əl gəzdirəcəklər - dəyişikliklərin əsas hissəsinin işıq texnikasının payına düşəcəkdir.

Bəs Bentley Bentayga modelinin yenilənməsi Mulliner atalyesinin mütəxəssislərinə tapşırılsaydı nələr baş verə bilərdi? Bu suala Kleber Silva cavab verməyə cəhd edib. Onun fikrincə, bu işlərə məşhur atelyenin mütəxəssisləri qoşulsaydı Bentayga krossoveri dəbdəbəli Bacalar modelinin üslubunda ön hissəyə sahib olardı.

Mulliner tərəfindən yaradılan Bacalar modelində dizaynerlər Bentley markasının ənənəvi dizayn üslubundan bir qədər kənara çıxıblar: dörd yumru fənər ikisi ilə əvəzlənmiş və onların hər biri nazik gündüz hərəkət işıqlarının kəsiklərinə sahib olmuşdurlar. Bu movzu Silva tərəfindən Bentayga modelinə köçürülüb və nəticədə aşağıdakı mənzərə alınıb.Yeganə dəyişməyən element qarşımızda dəbdəbəli Bentley markasından olan avtomobilin dayandığını göstərən formalarını dəyişməmiş iri radiator barmaqlığıdır.

Silva krossoveri yeni ön bamper və havalandırma kəsikləri olan kapotla da təchiz edib. Arxa hissədəki dəyişikliklər isə daha incə xarakter daşıyır. Doğrudur, belə bir dizaynın həqiqətən də tətbiq ediləcəyini gözləmək sadəlöhvlük olardı, çünki casus şəkilləri bizə tamam başqa şeyləri söyləyirlər. Amma razılaşaq ki, ideya pis deyildi…