Bentley şirkəti Continental GT kupesinin üçüncü nəslini rəsmi olaraq təqdim edib. Continental modellərinə xas olan dizayn üslubu qorunub-saxlansa da, yeni kupenin kuzovu daha relyefli olub. Üstəlik, kupenin prororsiyaları da dəyişilib.

Üçüncü nəsil Bentley Continental GT modelinin ön oxu 135 millimetr irəli çəkilmiş və kuzovun ön çıxışı ciddi şəkildə qısaldılmışdır. Eyni zamanda, mühərrik bir qədər salona tərəf çəkilibdir. Yəqin ki, yeni kupenin sələfinə nisbətən daha yüngül və sürətli göründüyünü söyləmək yersizdir.

Üstəlik, Kontinin qabariti demək olar ki, dəyişilməyib: kupe sələfindən 12 millimetr qısa və 7 millimetr enli, 9 millimetr alçaqdır. Beləliklə, Continental GT modelinin qabarit uzunluğu 4805 millimetr, eni 1954 millimetr, hündürlüyü isə 1392 millimetrdir.  

Modelin təkər bazasının uzunluğu 110 millimter böyüyüb. Eyni zamanda, kuzovun arxa çıxışı da artılıbdır. Quruluşun dəyişdirilməsi oxlar arasında çəkinin bölünməsini optimallaşdırmağa imkan verib. Artıq ön təkərlərə çəkinin 55 faizi düşür ki, əvvəl bu rəqəm 58% idi. Kupe 2250 kiloqram ( - 70 kiloqram) çəkiyə malik olub. Yeni modelin kuzovunun xarici panelləri tamamilə alüminiumdan hazırlanmışdır ki, bu panellər də 500 dərəcəyə qədər qızdırılmış havanın üfürülməsi yolu ilə formalaşdırılır. Bentley Continental GT yalnız 21- və 22-düymlük təkər diskləri ilə təklif edilir.

İkinci nəsil Continental GT modeli Volkswagen Phaeton modelinin platformasında yaradılmışdırsa, yeni nəsilin əsasını Porsche Panamera liftbekinin platforması təşkil edir. Bu platformanın tətbiqi məntiqi olaraq Porsche şirkətinin məhsullarından istifadəni daha məqsədəuyğun edib. Onların arasında ön oxun qoşulma muftasına malik olan tam ötürməli çəkiş sistemini (arxadan çəkiş xarakterli) və səkkiz pilləli iki muftalı robotlaşdırılımış ötürmələr qutusunu (Porsche onu PDK adlandırır) göstərmək olar.

Güc aqreqatına gəldikdə isə, Konti Bentayga krossoverindən tanış olan 6,0-litrlik W12 biturbomühərriki ilə hərəkətə gəlir.

Yeni aqreqat 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Yüksək dövrələrdə buraxılış traktının çəpəri açılaraq mühərrikin hava təminatını yaxşılaşdırır və səsini gücləndirir. Yerindən 100 km/saat həddinə yeni kupe 3,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 333 km/saatdır.

Yeni kupe Panamera modelindən cütlənmiş köndələn qolları olan ön və çoxqollu arxa asqı, həmçinin üçkameralı pnevmatik asqını da irsən alıb.  Pnevmatik asqı əvvəlkindən 60% daha çox hava qəbul edir və istənilən yol şəraitinə uyğunlaşmaq qabiliyyətinə malikdir.

Kupe Bentayga modelindən tanış olan, 48 voltluq şəbəkədən qidalanan elektrik aktuatorları ilə işləyən stabilizasiya sisteminə də sahib olub. Bu kupenin həm yaxşı idarəetmə qabiliyyətinə, həm də rahatlıq imkanlarına malik olduğundan xəbər verir.

Kupenin interyerində isə, belə desək, inqilab baş verib. Continental GT virtual cihazlar panelinə sahib olan ilk  Bentley avtomobilidir. Displeydə əqrəbli cihazlar çəkilsə də onların konfiqurasiyasını dəyişmək mümkün deyil. Ön panelin mərkəzində fırlanan üç hissəli xüsusi bölməni yerləşdiriblər. Dayanacaqda durmuş avtomobildə bu panel tamamilə boş olan tərəfi ilə görüntülənir.  Mühərriki işə saldıqdan sonra isə, panel fırlanaraq 12,3 düymlük sensorlu displeyi önə çıxarır. Üçüncü tərəfdə isə analoq cihazları (temperatur göstəricisi, kompas və xronometr) quraşdırılıb.

Bu paneli idarə etmək üçün mərkəzi konsoldakı düyməni basmaq kifayətdir.

Bentley son zamanda dəbdə olan sensorlu düymələrdən istifadə etməyə çox da üstünlük verməyib - ənənələrə sadiq olmaq gərəkdir. Klimat-kontrolun idarə şaybası mərkəzi konsolda yerləşdirilb. Cihazlar panelinin göstəricilərini alın şüşədə əks etdirən proyeksiya sistemi də quraşdırılıb.

Ön oturacaqlar havalandırma və massaj funksiyalarına malikdirlər.  Ənənəvi olaraq geniş çeşiddə tərtibat materiallarından və fərdiləşdirmə imkanlarından seçmək şansı verilir. Opsiyalar siyahısında Naim və Bang&Olufsen səs sistemləri, matrisa tipli işıqdiodlarından fənərlər də mövcuddur. Təhlükəsizlik və yardımçı sistemlər kompleksi avtomobilin standart təchizatına daxildir.  

Düşünürəm ki, yeni kupenin kütləvi təqdimatının Frankfurt avtosalonunda keçiriləcəyini hər kəs anlamışdır. Yeni Bentley Continental GT modelinin Azərbaycandakı satışlarına gələn ilin yazında başlanacaq. Kupenin W12 mühərrikli modifikasiyadan sonra kabriolet kuzovlu və V8 biturbomühərriki ilə təchiz edilən variantı işıq üzü görəcəkdir. Bundan başqa, kupe Bentley markasının hibrid güc aqreqatı ilə təchiz edilən ilk modeli olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt