Dəbdəbəli və güclü avtomobillərin aşiqləri səbirsizliklə yeni nəsil Bentley Continental GT Speed modelinin təqdimatını gözləyirlər. Speed indeksini daşıyan yeni “bərkgedən” model yaxın günlərdə, daha dəqiq desək, 23 mart tarixində təqdim edilməlidir. İstehsalçı “bərkgedən” modelin “qeyri-adi səyahətləri həyata keçirmək üçün yüksək səviyyəli texnologiyalara malik olan şassini” aldığını iddia edir.

Bunun təsdiqi olaraq, Bentley şirkəti Continental GT Speed modelinin mühərrikinin səsi olan videotizeri dərc edib. Mühərrik güclü səsə malikdir və yarış avtomobillərində olduğu kimi, akseleratorun buraxılması “çırtıltılar” ilə müşayət olunur.

Ənənəvi olaraq, Speed versiyaları adi modifikasiyalardan daha güclüdürlər. Hazırda Continental GT modelində quraşdırılan 6,0-litrlik W12 mühərrik 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Mühərrikin səsindən də göründüyü kimi, mühəndislər mühərrikin hasilatını yüksəltməyə müvəffəq olublar. Şayiələrə görə, yeni Continental GT Speed modelinin mühərrikinin gücü 670 at qüvvəsi təşkil edəcəkdir. Xatırladaq ki, əvvəlki nəsil Continental GT Speed modeli 642 at qüvvəsi və 840 Nm fırlanma anı hasil edən mühərrik ilə hərəkətə gəlirdi. 

Tizerdəki kupe kuzovun tünd-boz rəngi və xromla örtülmüş tərtibat elementlərinin olmaması ilə seçilir. Avtomobilin fərqli dizaynı olan ön hissəyə və daha çıxıntılı kandara malik olduğu diqqəti çəkir.

Continental GT Speed modelinin yaradılmasının resepti sadədir - bu əlavə gücdür. Istehsalçının bəyan etdiyi yeni şassi texnologiyası avtomobilin idarə olunmasını daha da yaxşılaşdırmalıdır. Yeni Continental GT Speed modeli adi modeldə olduğu kimi, sərnişinlərini tam rahatlıqla təmin edəcəkdir. İnteryer tərtibatında şübhəsiz ki, idman cizgiləri və bolluca karbonun dekor olacaqdır.

Keçmişdə Speed indeksini daşıyan modellər həm kupe, həm də kabriolet kuzovu ilə təklif edilirdi. Əgər açıq variant olarsa, onu kupenin debütündən bir neçə ay sonra gözləmək gərəkdir.