Bentley şirkəti Bentayga modelinin qlobal geriçağrılma kampaniyasını elan edib. Geriçağırma kampaniyası dünya üzrə satılmış altı min Bentayga krossoverini əhatə edir. Geriçağırmanın səbəbi yanacaq xəttindəki sızma və yanğın riski ilə əlaqədardır. ABŞ-da 1892 ədəd, Avropada isə 783 ədəd krossover təmir edilməlidir. Bentley şirkətinin yerli nümayəndəliyinin məlumatına görə, Azərbaycan bazarında satılmış krossoverlərdə belə hallara rast gəlinməyib və istehsalçı tərəfindən geriçağırma barədə heç bir göstəriş verilməyib.

Amerika Birləşmiş Ştatlarının Yollarda Təhlükəsizlik Milli İdarəsinin qeydlərinə və “Automotive News” nəşrinin məlumatlarına görə, servis kampaniyası V8 mühərriki ilə təchiz edilmiş və 2018-ci ilin yanvarından 2020-ci ilin martına qədər buraxılmış Bentley Bentayga modellərinə aiddir.

Bu krossoverlərdə yanacaq xəttinin bağlayıcısında yanacaq sızmasına səbəb ola biləcək konstruktiv qüsur aşkar edilib. Detal təkmilləşdirilmişi ilə əvəz ediləcək və soyutma sisteminin ventilyatorunun proqram təminatı yenilənəcəkdir - bunlar edilmədikdə, salonda benzin qoxusu hiss edilə, ən pis halda isə yanğın baş verə  bilər.

Bur müddət bundan əvvəl, Bentley şirkəti 20.000-ci Bentayga modelinin buraxıldığını elan etmişdi - beləliklə, geriçağırma kampaniyası bu günə qədər istehsal olunmuş krossoverlərin üçdə birini əhatə edir.

Bentayga Britaniya markasının ən çox tələb olunan modelidir və şirkətin qlobal satışlarının 42 faizi bu modelin payına düşür. Bentayga ailəsinə 4,0-litrlik V8 və 6,0-litrlik W12 mühərrikləri ilə təchiz edilən modifikasiyalar, "bərkgedən" Bentayga Speed modeli və Bentayga PHEV qoşulan hibridi daxildir.