Avropada universal kuzovlu avtomobillərin çox populyar olduğunu yazmaq, əlbəttə ki, yersizdir. Bu yaxınlarda debüt etmiş BMW 3-Series modeli hələik yalnız sedan kuzovu ilə nümayiş etdirilmişdir. Çox güman ki, yeni “üçüncü” seriyanın mart ayındakı satışları sedan ilə başlanacaqdır. Lakin, universal aşıqləri məyus olmasınlar – alman istehsalçısı mart ayında keçiriləcək Cenevrə avtosalonunda yeni nəsil BMW 3-Series Touring modelini təqdim edəcəkdir.

Yeni “sarayın” zahiri görkəmi yayılmış patent təsvirləri sayəsində artıq sirr deyildir. Bu günlərdə fotocəsuslar Motor1.com saytına yeni universalın test prototiplərinin şəkillərini də göndəriblər. Universal kuzovlu "üçlük" sedan ilə eyni texniki hissəyə malik olacaqdır. Avtomobiilərin interyerində də ciddi fərq olmayacaqdır.

Böyük ehtimalla, universal da sedanla eyni mühərrik çeşidini və avadanlıq siyahısını bölüşəcəkdir. 3-Series universalı Avropada 150 at qüvvəli 318d, 190 at qüvvəli 320d və 265 at qüvvəli 330d modifikasiyalarında təklif ediləcəkdir. Benzin modifikasiyalatı isə, 184 at qüvvəli 320i və 258 at qüvvəli 330i modelləri ilə təmsil olunacaqdır. Əlbəttə ki, 382 at qüvvəli M340i modifikasiyası da olacaqdır. BMW 330e hibrid modifikasiyası isə 2020-ci ildə debüt etməlidir.