Keçən əsrin 90-cı illərində istehsal edilmiş original BMW 8-Series modeli heç zaman kabriolet kuzovuna malik olmayıb. Üç sınaq kabrioletinin hazırlanmasına baxmayaraq, alman istehsalçısı açıq kuzovlu 8-Seriya modelini buraxmaq fikrindən daşınıb. Yeni səkkizinci seriyanın isə bu sahədə bəxti gətirib – yeni model kupe kuzovu ilə yanaşı açıq varianta da sahib olub. Hətta, dördqapılı Gran Coupe modelinin də buraxılacağı məlumdur.

Bu gün alman istehsalçısı rəsmi olaraq 8-Seriya kabrioletini təqdim edib. Əslində avtomobilin zahiri görkəmi oxucularımız üçün sirr olmasa da, yeni kabriolet haqqında maraqlı məlumatlar vardır. Məsələn, BMW çoxqatlı yumşaq tavana sadiqliyini qoruyub-saxlayıb. Bu tavan qara və ya gümüşü rəngində ola bilər. Tavanın avtomatik olaraq açılıb-bağlanmasına 15 saniyə vaxt tələb edilir. Üstəlik, bu prosesi 50 km/saat sürətinə qədər həyata keçirmək mümkündür.  Xatırlayırsınızsa, BMW 6-Series kabrioletində quraşdırılan şaquli şəkildə enən arxa şüşə tətbiq edilrdi. Yeni 8-Series kabrioletində arxa şüşə yumşaq tavanın bir hissəsinə çevrilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni kabriolet bu növ avtomobillərə xas olan qızdırılan ön qapı dəstəklərinə və sərnişinlərin boynuna isti hava üfürən ön oturacaqlara quraşdırılmış  deflektorlara da sahibdir. Digər maraqlı cəhət arxa oturacaqların tamölçülü başlıqlarıdır. Məsələn, kupe variantında  bu başlıqların çox kiçik formaya malikdirlər.

Baqaj bölümünə gəldikdə isə, istehsalçı kabrioletin baqaj bölümünün 350 litrlik həcmə malik olduğunu bildirir. Əlbəttə ki, bu həcm tavanın bağlı halında olmasını nəzərdə tutur. Kupedə bu rəqəm 420 litr təşkil edir ki, 70 litrlik həcmi yumşaq tavan mexanizmləri ilə birlikdə qəza zamanı piropatronların köməyi ilə çıxan təhlükəsizlik qövsləri də “məşğul edir”.  Məlum məsələdir ki, kuzov gücləndirilməsi səbəbindən kabriolet kupedən 125 kiloqram ağırdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW 8-Series Cabriolet modelinin baza versiyası olan 840d xDrive modifikasiyası 320 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısılindrli turbodizel ilə təchiz edilir. Bu modifikasiya 100 km/saat həddinə 5,2 saniyəyə sürətlənir. Avtomobil standart olaraq adaptiv  amortizatorlar və tam idarələnən şassiyə malikdir.

BMW M850i xDrive 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbomühərriki ilə təklif edilir. Top variantın təchizatına elektronika idarə edilən arxa differensial, idman asqısı və gücləndirilmiş əyləc mexanizmləri daxildir. M850i Xdrive 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir.

Yeni kabriolet iki növ tam çəkiş sistemi və təkmilləşdirilmiş səkkiz pilləli “avtomat” ilə təchiz edilir. Modelin təchizatına lazer-lyuminofor fənərləri, havalandırmalı oturacaqlar, gecə görüntü sistemi və digər avadanlıqlar daxildir.

BMW 8-Series Cabrio modelinin satışlarına gələn ilin mart ayında başlanacaqdır.