Münhendə keçirilən #NEXTGen tədbirində BMW şirkəti Vision M Next konseptini nümayiş etdirməklə yanaşı, alman markasının gələcək planları və daxili yanma mühərriklərinin taleyi barədə də söhbət açılıb.

BMW Group-un texniki direktoru Klaus Frolix dizel mühərriklərinin 2040-cı, benzin mühərriklərinin isə 2050-ci ilə qədər alman istehsalçısının mühərrik çeşidində qalacağını söyləyib. 2023-cü ildə BMW Group-un model xəttində 25 elektrikləşdirilmiş avtomobil olmalıdır ki, bunların da yarısından çoxu yalnız elektrik mühərrikləri ilə hərəkətə gələcəkdir. Automotive News Europe saytına müsahibə verən Klaus Frolix daxili yanma mühərriklərinin  hələ uzun müddət aktual olacağını söyləyib.

Frolix avtomobillərin elektrikləşdirilməsi perspektivlərinin həddən artıq şişirdildiyini də qeyd edib. Onun fikrincə, əgər bütün istehsalçılar batareya buraxmaq istərlərsə, xammal qıtlığı yarana bilər. Bu səbəbdən də dizel və benzin mühərrikləri alman istehsalçısının mühərrik xəttində qalmalıdırlar.

Bununla bərabər, yeni qəbul edilmiş ekoloji standartlara uyğunlaşdırılması mürəkkəb olan və ya böyük xərc tələb edən  mühərriklərdən imtina ediləcəkdir. Məsələn, şirkət 4 turbokompressorlu 3,0-litrlik dizel və V12 benzin mühərriklərindən imtina etməyi qərara alıb. Gələcək mühərriklərdə isə turbinaların sayı üçdən az olmayacaqdır.