Qeyri-adi BMW XM konsept avtomobilinin təqdimatından təxminən bir il sonra, eyni adlı seriya krossoveri debüt edib. XM alman şirkəti üçün simvolik bir modeldir. Birincisi, o, M bölməsinin 50 illik tarixindəki yalnız ikinci orijinal modeldir: XM modelinin "mülki" versiyası olmayacaqdır. İlk belə avtomobil 1978-1981-ci illərdə istehsal edilmiş ortamühərrikli BMW M1 kupesi olub. Üstəlik, “bərkgedən” krossover alman markasının tarixdəki ilk M-hibriddir.

Konsept ilə müqayisədə seriya krossoverinin görünüşü bir qədər sadələşib və ikimərtəbəli işıq texnikası olan iri BMW modellərinin yeni siması artıq heç kimi təəccübləndirmir. Yenə də bu avtomobil şirkətin digər modellərindən fərqlənir. Onun qeyri-adi elementləri arasında "burun dəliklərinin" konturlarının işıqlandırılması və buraxılış sisteminin bir-birinin üstündə yerləşən çıxış boruları var.

Arxa tərəfdə iki emblem var (çəkilmiş olsa da) və onlar arxa pəncərənin yuxarı hissəsində yerləşir –  bu, əfsanəvi BMW M1 superkarına birbaşa istinaddır. Əsas təkər disklərinin diametri 21 düymdür, lakin 22 və ya 23 düymlük variantları da sifariş etmək olar. 3105 millimetrlik təkər bazası BMW X7 krossoveri ilə eynidir, lakin XM bir qədər yığcamdır və yalnız iki oturacaq sırasına malikdir. XM modelinin uzunluğu 5110 millimetr, eni - 2005 millimetr, hündürlüyü isə 1755 millimetrdir.

XM modelinin interyeri digər müasir BMW modelləri ilə unifikasiya edilib. Ön paneldə virtual cihazlar panelinin 12,3 düymlük ekranı və multimedia sisteminin 14,9-düymlük displeyi var. Hibrid krossoverin standart təchizatına çoxkonturlu ön oturacaqlar, proyeksiya ekranı və dörd zonalı klimat-kontrol daxildir. İkinci oturacaq sırasını isə M Lounge adlandırırlar: burada ayaqlar üçün geniş məkan, qızdırılan oturacaqlar (başlıqlar da daxil olmaqla) və təkmilləşdirilmiş işıqlandırma (100 dioddan ibarət) var. Baqajın həcmi 527 - 1820 litr arasındadır.

BMW XM hibridi X5/X6/X7 modelləri ilə eyni platformaya əsaslanır, lakin şassinin elastik kinematikası yenidən hesablanıb. Krossover adaptiv yaylı asqıya malikdir, üstəlik bu, aktiv köndələn dayanıqlılıq stabilizatorları (aktuatorlar 48 voltluq şəbəkədən qidalanırlar) və tam idarəolunan şassisi olan ilk M-avtomobildir. Arxa təkərlər 2,5 dərəcəlik dönmə bucağına malikdirlər. Öndə altı porşenlı, arxada sadə bir porşenli əyləc mexanizmləri quraşdırılır.

Kapotun altında hibrid güc qurğusunun tərkibində işləmək üçün uyğunlaşdırılmış, 4,4-litrlik V8 biturbo mühərrikin növbəti təkamülü olan yeni S68 aqreqatı yerləşir. BMW XM modelində bu mühərrik 489 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edir. Səkkiz pilləli ZF “avtomatı” da yenidən işlənilib: hidrotransformatorun əvəzinə 197 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən dartma elektrik mühərriki quraşdırılıb. Hibrid güc qurğusunun maksimal hasilatı 653 at qüvvəsi və 800 Nm təşkil edir ki,  bu da BMW X5 M / X6 M Competition benzin krossoverlərində olduğundan (625 at qüvvəsi, 750 Nm) bir qədər çoxdur.

Bütün elektrotexnika müasir BMW elektromobillərində istifadə olunan beşinci nəsil eDrive ailəsinə aiddir. Salon döşəməsinin altında 317 voltluq gərginliklə işləyən 29,5 kilovat-saatlıq dartma (tutumun 25,7 kilovat/saatı istifadə olunur) batareyası quraşdırılıb. Tam şəkildə doldurulmuş batareya elektrik rejimində 82-88 kilometr məsafə qət etməyə və 140 km/saata qədər sürətlənməyə imkan verir. Batareyanı məişət elektrik şəbəkəsindən doldurmaq da olar: quraşdırılmış yükləmə cihazı 7,4 kilovat gücə malikdir.

Elektrik rejimindən başqa, güc qurğusunun Hybrid (standart) və eControl presetləri də var ki, bu rejimlər rekuperasiya dərəcəsini seçməyə və batareyadakı cərəyanın səviyyəsini saxlamağa imkan verirlər. Bununla belə, M-modellərinin ənənəsinə uyğun olaraq, transmissiya, şassi, sükan və əyləc mexanizmlərinin fərdi tənizmləməsini həyata keçirmək mümkündür. M xDrive tam ötürmə sistemi burada digər iri M-modellərində olduğu kimidir – ön oxu qoşma muftası və aktiv arxa diferensialı ilə.

Təbii ki, hibrid çox ağır alınıb: tam təchizatlı avtomobilin ağırlığı 2785 kiloqramdır (sürücü daxil olmaqla). Müqayisə üçün, BMW X6 M Competiton versiyasının çəkisi isə 2395 kiloqram təşkil edir. Fərq 390 kiloqramdır! Odur ki, dinamika baxımından BMW XM modelinin X6 M modelinə uduzmasında təəccüblü bir şey yoxdur: 100 km/saata sürətlənmə 3,8 saniyə əvəzinə 4,3 saniyə çəkir. Maksimal sürət həddi standart olaraq 250 km/saat,  M Driver’s Package dəstilə isə, 270 km/saat həddində məhdudlaşdırılıb. Xatırladaq ki, eyni paketə malik olan X6 M modeli 290 km/saata qədər sürətlənir.

Bununla belə, gələn yay daha güclü hibrid - BMW XM Label Red versiyası işıq üzü görməlidir. Bəzi səbəblərə görə, marketoloqlar ənənəvi Competition indeksindən istifadə etməmək qərarına gəliblər. “Qırmızı etiketli” krossoverin V8 biturbo mühərriki 585 at qüvvəsi və 750 Nm hasil edəcək, hibrid sistemin ümumi hasilatı isə 748 at qüvvəsinə və 1000 Nm təşkil edəcəkdir. Artıq XM Label Red modelinin ABŞ-dakı satış qiyməti açıqlanıb: 185 min dollar. Hələlik, belə krossoverin nə şəkilləri, nə də digər xüsusiyyətləri açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW XM modelinin baza versiyasının qiyməti 159.000 dollardan başlayır. Müqayisə üçün, X6 M modeli üçün ən azı 114.000 dollar istənilir. BMW XM modelinin istehsalı ABŞ-da X3-dən X7-yə qədər bütün BMW krossoverlərinin buraxıldığı zavodda təşkil ediləcəkdir. İstehsala dekabr ayında başlanmalıdır, avtomobillər isə satışa gələn ilin yazında çıxarılacaqlar. “Bərkgedən” krossoverin əsas bazarları ABŞ, Çin və Yaxın Şərq olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.