BMW şirkəti bayraqdar modeli olan 7-Series sednının Amerika Birləşmiş Ştatlarındakı satışlarını dayandırmışdır. Satışların saxlanılmasının səbəbi kimi, avtomobilin təhlükəsizlik yastıqlarında aşkar edilmiş nasazlıq olmuşdur. Hərəkətin təhlükəsizliyinə nəzarət edən NHTSA (National Highway Traffic Safety Administration) təşkilatının saytında dərc edilmiş məlumatda bildirilir ki, bir sıra hallarda yastıqların açılmamaq təhlükəsi mövcuddur. NHTSA tərəfindən dərc edilmiş məlumatda həmçinin, servis kampaniyasının BMW şirkətinin 1 iyul 2015-ci ildən 11 dekabr 2015-ci il tarixinə qədər istehsal etdiyi 6110 ədəd 740Li, 750Li və 750 Li xDrive modellərini əhatə etdiyi bildirilmişdir.

BMW şirkətindən bildirildiyinə görə, göstərilən avtomobillərdə yastıqları idarə edən modulun qısa qapanma üzündən sıradan çıxma ehtimalı mövcuddur. Buna, istehsal prosesi zamanı yaranmış metal qırıntılarının səbəb olduğu bildirilir.

Qəza zamanı bu modulun sıradan çıxması nəticəsində təhlükəsizlik yastıqları açılmaya bilər. Əgər belə hal baş verərsə, bu ağır xəsarətlərə və yaxud ölümlərə yol aça bilər. Bununla belə qeyd etmək lazımdır ki, ölümlə və ya xəsarətlə nəticələnən belə bir hadisə bu günə qədər qeydə alınmamışdır.

Şirkətdən bildirildiyinə görə, 16 may tarixindən avtomobillərin geri çağrılmasına başlanacaqdır. İstehsalçı artıq yerli dilerlərə təhlükəsizlik yastığının modulunun dəyişdirilməsi haqqında təlimat vermişdir. Təmir işləri dilerlər tərəfindən pulsuz olaraq aparılacaqdır.