BMW şirkəti 7-Series xəttinin ən güclü və bahalı modeli olan M760Li modifikasiyasını geri çağırmaq məcburiyyətindədir. Kampaniyanın səbəbi mühərrikdən yağın sızması olmuşdur.

ABŞ-ın Yol hərəkətinin təhlükəsizliyi administrasiyasının (NHTSA) bildirdiyinə görə, mühərrik yağı avtomobilin ön əyləc mexanizmlərinə düşə bilər. Problem müştərilərin birinə aid olan bayraqdar sedanında aşkarlanmışdır. Nasazlığın səbəbi yağ radiatorunun borularının düzgün olmayan birləşməsindədir.

Bununla belə, bu nasazlığın hər-hansı bir ploblemə və ya qəzaya  səbəb olduğu qeydə alınmamışdır. Geriçağırma ABŞ-da satılmış 97 avtomobilə aiddir.

Keçən il təqdim edilmiş BMW M760Li modeli 609 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 mühərriki ilə təchiz edilir. Səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışan mühərrik sedanı 100 km/saat həddinə 3,7 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır.