BMW şirkəti Vision M Next superkarı haqqında məlumatı dərc edib. 600 at qüvvəli güc aqreqatı ilə təchiz edilən kupe karbondan hazırlanmış kuzova malikdir. Hazırda kupe konsept statusunda debüt edib. Gələcəkdə bu konseptin motivləri əsasında seriya modeli hazırlanacaqdır.

Konsept iki rəngə boyanıb: tutqun gümüşü Cast Silver və tutqun narıncı Thrilling Orange. Avtomobilin digər maraqlı cəhəti müxtəlif rəngə malik olan təkər diskləridir: ön disklər qara-gümüşü, arxa disklər isə gümüşü-narıncı rənginə boyanıblar. Radiator barmaqlığı ənənəvi formalarını qoruyub-saxlayıb və son BMW modellərindəki kimi iri görünmür. «Burun dəlikləri» lazerlə naxışlanmış şəffaf lövhələrlə örtülüb. 

Bundan başqa, konsept «qağayı qanadları» formasında qapılara və tamamilə LED işıq texnikasına malikdir. Arxa fənərlər ürək döyüntüləri kardioqramına bənzəyən dinamik görüntüləri yarada bilir.

BMW Vision M Next modeli tərkibinə arxa oxda quraşdırılmış Iki elektromotor və 2,0-litrlik benzin mühərriki daxil olan 600 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə hərəkətə gəlir. Boost+ rejimində güc qurğusunun hasilatı qısa müddətlik artaraq, avtomobilin 0-dan 100 km/saat həddinə üç saniyəyə sürətlənməsinə şərait yaradır. Konseptin maksimal sürəti 300 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Vision M Next konsepti avtopilot funksiyasına və yardımçı sistemlər dəstinə də sahib olub. Eyni zamanda, sürücü yalnız elektrik ötürməsi ilə hərəkəti də seçə bilər. Bu halda avtomobilin yürüş ehtiyatı 100 kilometr olacaqdır. Konseptin avadanlıqlar siyahısına üzün tanınması sistemi də daxildir ki, sürücü avtomobilə yaxınlaşan zaman sistem avtomatik olaraq qapıların kilidini açır. Qapıları vericilərin köməyi ilə də açmaq mümkündür. Bundan başqa, tamamlanmış reallıq funksiyası da əlçatandır. Avtomobilin parametrləri, o cümlədən mühərrikin dövrələri, hərəkət sürəti, yürüş ehtiyatı və hətta sürücünün nəbzi barədə məlumat sükanın arxasında yerləşən şəfaf paneldə əks olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW nümayəndələrinin sözlərinə görə, konseptdə gələcəkdə seriya modellərinin yaradılmasında istifadə ediləcək beş əsas prinsip - dizayn, avtonom idarəetmə, başqa qurğularla qarşılıqlı ünsiyyət, elektrikləşmə və müxtəlif servislərin əlçatanlığı (Design+Autonomous Driving, Connectivity, Electrification&Services), - öz əksini tapıb. 

Böyük ehtimalla, Vision M Next modelinin yaradılması zamanı tətbiq edilmiş dizayner və mühəndis həlləri gələcəkdə ikinci nəsil BMW i8 sportkarında öz əklsini tapacaqdır.