BMW şirkəti mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda X3 və X4 modellərinin «bərkgedən» M variantlarını təqdim edəcəkdir. Artıq alman istehsalçısı bu modifikasiyalar haqqında məlumatı da dərc edib. «Qaynar» krossoverlər bir müddət bundan öncə kamuflyajlı livreya ilə də fotosessiyada iştirak ediblər.

Bu günlərdə Motor1 sayının əlinə BMW X3 M modelinin kamuflyajsız şəkilləri keçibdir. Doğrudur, bu şəkillər canlı avtomobilin deyil, yeni modifikasiyanın multimedia sisteminin ekranından götürülmüş təsvirlərdir. Təsvirdəki avtomobil ön tərəfin aqressiv dizaynı ilə seçilir. Eyni zamanda, bu şəkillər arasında modelin rəqəmsal cihazlar panelinin də təsviri vardır. Nə qədər qəribə olsa da, cihazlar panelinin tərtibatı son BMW modellərindəkindən fərqlənir. Bu tərtibat daha çox klassik formalara malikdir.  

Artıq məlumdur ki, M-krossoverlər B58 “mülki” mühərrikinin bazasında yaradılmış 3,0-litrlik altı silindrli S58 biturbo mühərriki ilə təchiz ediləcəkdirlər. Şirkətdən mühərrikin texniki xarakteristikalarını açıqlamasalar da, bu aqreqatının 450-500 at qüvvəsi arasında gücə malik olacağı gözlənilir.

Competition Package dəsti ilə təchiz ediləcək krossoverlər daha güclü mühərrikə malik olacaqdırlar. Əlbəttə ki, X3 M və X4 M modelləri elektronika ilə idarələnən arxa M-differensialına malik olan M xDrive tam çəkiş sistemi ilə də təchiz ediləcəkdirlər.

Zahiri cəhətdən “bərkgedən” krossoverlər adilərindən genişləndirilmiş hava girişləri, iri təkər diskləri və buraxılış sisteminin dörd buraxılış borusu ilə seçiləcəkdirlər. Bundan başqa, X3 M modeli arxa şüşənin üərində quraşdırılan iri spoylerə, X4 M isə beşinci qapının üzərində olan kiçik spoyler ilə təchiz edilir.