Bollinger Motors şirkəti elektrik ötürməsi ilə hərəkətə gələn ofrouderlərini bu il satışa çıxaracağını vəd edib. İlkin olaraq, bazara beşqapılı Bollinger B1 krossoveri və Bollinger B2 pikapı şıxacaqdır. İstehsalın başlanmasına hazırlıqların getdiyi zamanda, şirkət, eyni zamanda, model çeşidini genişləndirmək üçün çalışır: istehsalçı korporativ alıcılar üçün Bollinger B2CC ailəsini, yəni Chassis Cab modelini hazırlayıb.

Əslində, bu model pikapın bir növüdür, sadəcə elektromobil standart yük bölməsinin əvəzinə "açıq" şassi ilə təklif edilir. Belə şassilər müxtəlif qurğuların - yük platformasının, furqon, yaşayış modulu, qaldırıcı və daha bir çox avadanlığın quraşdırması üçün nəzərdə tutlub. Xatırladaq ki, baza elektromobilinin maksimal yükgötürmə qabiliyyəti 2267 kiloqramdır.

İstehsalçı avtomobili iki kuzov variantı ilə təklif edir - alıcılar avtomobili ikiqapılı və ya dördqapılı kabin ilə yanaşı, arxa divarı olan və ya olmayan konfiqurasiyada sifariş edə bilərlər. Əgər gələcəkdə kabindən arxadakı qurğuya giriş nəzərdə tutulursa, arxa divarı olmayan açıq kabin daha məqsədəuyğun olacaqdır. Şirkət ayrıca müxtəlif ölçülü təkər bazalarının olacağını da vəd edir.

Texniki baxımdan, Bollinger B2CC modeli pikapı təkrarlayır. Avtomobilin güc qurğusunun tərkibinə iki elektrik mühərriki (hər oxda biri) daxildir və onların hər birində iki pilləli transmissiya vardır ki, ikinci ötürmə ciddi yolsuzluqda "aşağı ötürmə" kimi xidmət edəcəkdir. Krossover və pikapın güc qurğusunun ümumi hasilatı 623 at qüvvəsi təşkil edir, lakin kommersiya şassisi üçün bu gücün həddən artıq olduğunu nəzərə alsaq, böyük ehtimalla, qurğunun hasilatı azalacaqdır: istehsalçı hələlik dəqiq parametrləri açıqlanmayıb. Şassi 120 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bollinger B2CC modeli 2021-ci ilin sonunda satışa çıxmalıdır. Qiymətlər açıqlanmasa da, açıq şassili variantın qiyməti, 125 min dollara satılan krossover və pikapdan daha aşağı olmalıdır. Bundan əlavə, Bollinger şirkəti tamamilə açıq şassini də satmaq niyyətindədir - kabin və hətta kuzovun ön hissəsi olmadan. E-Chassis şassisi motorhoumların, çatdırılma furqonlarının və digər avadanlıq istehsalçılarının diqqətini çəkməlidir. Belə halda sifarişçi elektrik mühərriklərinin sayını və ötürmə növünü seçməkdə sərbəst olacaqdır.