Ferrari komandasının alman pilotu Sebastyan Fettel Braziliya Qran Prisinin qalibi olub. Bu alman pilotun bu mövsümdə əldə etdiyi beşinci qələbədir.

Sebastyan Fettel qırmızı işıqların sönməsinə daha yaxşı reaksiya verib. Alman pilot ilk döngədə poul-mövqeyinin sahibi olan Valtteri Bottası arxada qoyub. Lakin, Bottas elə də asan təslim olmayıb - fin pilot son metrlərə kimi mübarizə aparsa da, Fettelin qarşısını kəsə bilməyib. Kimi Rəykkonen yaxşı start alsa da, həmyerlisini keçə bilməyib. 

İkinci döngədə Kevin Maqnussen ilə Stoffel Vandornun bolidləri yüngülcə təmas yaşayıblar. Bu təmasdan sonra McLaren bolidi Rikkardonun bolidinə çırpılaraq sonuncunun trekdən çıxmasına səbəb olub. Nəticədə, bolidləri ciddi zədə alan Haas pilotu Kevin Maqnussen və McLaren pilotu Stoffel Vandorn yarışı tərk etməli olublar.

Bu hadisə ilk dövrədə baş verən yeganə hadisə olmayıb - Ferradura döngəsində Romen Qrojan avtomobilini treaktoriyada saxlaya bilməyib. Nəticədə, Haas bolidi Esteban Okonun bolidi ilə sinxron şəkildə yerində fırlanaraq sonuncunun baryerlərə çırpılmasına səbəb olub. Esteban Force İndia bolidini trekin kənarında park etməyə məcbur olub. Qrojan isə, pitə yollanıb. Stüardlar bu hadisədə Qrojanı günahkar sayaraq ona 10 saniyəlik dur-get cəzası veriblər.

Yarışın rəhbərliyi trekin təmizlənməsi məqsədi ilə təhlükəsizlik avtomobilini trekə buraxıb. Altıncı dövrədə restart verilib. Restartda Massa slipstrimdən istifadə edərək Fernando Alonsonu keçib. Bundan sonra ispan pilot braziliyalını keçməyə çalışsa da, yarışın sonuna kimi buna müvəffəq ola bilməyib.

Bu hadisələrdən ən çox qazanan pilot yarışa pitdən başlayan Həmilton olub. Britaniyalı doqquzuncu dövrədə 10-cu yerə, 20-ci dövrədə isə 5-ciliyə yüksəlib. 28-ci dövrədə Bottas pit-stopa yollanıb. Fin pilotdan sonra Fettel təkərlərini dəyişib. Bu zaman Həmilton liderliyə yüksəlib. Fettel pit-stopdan Bottasın önündə çıxmağı bacarıb, lakin iki pilot arasındakı fərq çox cüzi olub. Fin pilot Fetteli keçməyə çalışsa da, buna müvəffəq olmayıb.

42-ci dövrədə Brendon Hartlinin idarə etdiyi Toro Rosso bolidi ömrünü Daniil Kvyata tapşırıb. 44-cü dövrədə Supersoft təkərlərinin arxasınca yollanan Həmilton, pitdən Maks Ferstappenin arxasında beşinci olaraq çıxıb. Eyni dövrədə Daniel Rikkardo da pit-stop edib.

Təzə Supersoft şinlərinin verdiyi üstünlük sayəsində Həmilton Ferstappeni keçib. Yarışın sonlarında Rəykkoneni haqlayan britaniyalı onu keçməyə cəhd etsə də, Iceman ona bu həzzi yaşatmayıb.

Ferrari pilotu vəziyyətə soyuqqanlıqla nəzarət edərək, Lyuisi iki dəfə səhv etməyə məcbur edib. Son dövrədə təkərlərini "öldürən" Həmilton axırıncı dəfə Kimini keçmək üçün son cəhd etsədə, Kimi onu muradına çatmağa qoymayıb.

Yarışın son dövrələri Massa, Alonso və Peres üçlüyünün gərgin mübarizəsi ilə də yadda qalıbdır. Yarışı Maks Ferstappenin önündə dördüncü bitirən britaniyalı, pitdə park etdiyi Mercedes bolidini uzun müddət tərk etməyib. Rikkardo, Massa, Alonso, Peres və Hülkenberq ilk onluğu tamalayan pilotlar olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt