Unikal Bugatti La Voiture Noire modelinin sahibi onu 2,5 ildən sonra alacaqdır. Bu vaxt avtomobilin texniki hissəsinin tamamlanmasına və hiperkarın ümumi yollarda istifadə üçün omoloqasiyasına sərf ediləcəkdir. Yeganə nüsxədə buraxılmış avtomobil üçün, adı çəkilməyən kolleksiyaçı, vergilər də nəzərə alınmaqla 16,7 milyon avro ödəyib.

Cenevrədə debüt etmiş Bugatti La Voiture Noire fransız markasının əfsanəvi modeli olan Type 57 SC Atlantic modelinə göstərilən ehtiramın nümunəsidir. Hiperkarın xarici görkəmində bu əfsanəvi avtomobilə xas olan cizgilərdən biri - kuzov boyu uzanan üzgəc, karbon panellərin hamar xəttləri və arxa pəncərlər üslubunda hazırlanmış mühərrik bölümünün orijinal qapağıdır. Bundan başqa, hiperkarın rəngi itirilmiş Type 57 SC Atlantic modelinin rənginə bənzərdir. Bu rəng hiperkarın adında da özünü biruzə verir: La Voiture Noire fransızcadan tərcümədə «qara avtomobil» deməkdir.

Texniki cəhətdən avtomobil adi Chiron modelidir. Şassi və güc qurğusu dəyişilməz qalıb. «Qara avtomobil» 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki və yeddi pilləli «robot» ilə hərəkətə gəlir. Avtomobilin dinamik xarakteristikaları açıqlanmayıb. Xatırladaq ki, Bugatti Chiron 100 km/saat həddinə sürətlənməyə 2,4 saniyə sərf edir və 420 km/saat maksimal sürət həddinə malikdir.   

Artıq qeyd etdiyimiz kimi, Bugatti La Voiture Noire yeganə nüsxədə buraxılacaqdır. Avtomobilin alıcısı fransız markasının çoxdankı pərəstişkarı və kolleksiyaçısıdır. Müqayisə üçün, yeganə nüsxədə olan Pagani Zaonda HP Barchetta modeli 15 milyon, Rolls-Royce Sweptail isə, 11,2 milyon avroya satılıb.