Əfsanəvi dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki 2005-ci ildə Bugatti Veyron hiperkarında debüt edib. O zamandan xeyli vaxt keçib və Veyron modeli Chiron hiperkarı ilə əvəzlənib. Lakin, debütündən 15 il ötməsinə baxmayaraq, W16 mühərriki istefaya getməyə hazırlaşmır.

Bugatti şirkətinin rəhbəri Stefan Vinkelmann Autocar nəşrinə verdiyi müsahibədə bu mühərrikin 2020-ci illərin sonuna qədər istehsaldan çıxarılmayacağını bildirib. W-şəkilli ekzotik quruluşa malik olan mühərrik ekoloji normaların müntəzəm olaraq sərtləşdirilməsinə baxmayaraq, növbəti 10 il ərzində istehsalatda qalacaqdır.

Marka rəhbərinin sözlərinə görə, Volkswagen Group konserninin rəhbəri Herbert Diss də unikal W16 mühərrikinin model sırasında qorunub-saxlanılmasını dəstəkləyir, çünki «onun dəyərini bilir». Bugatti üçün daha bir əhəmiyyətli fakt ondan ibarətdir ki, bu günə qədər dünyada heç bir avtomobil istehsalçısı oxşar mühərrik istehsal etməyir. 

Bu hal fransız hiperkarlarını daha da eksklüziv edir. Bildiyiniz kimi, Bugatti Chiron modeli 2021-ci ilə qədər buraxılacaqdır.  Bu isə, onaltısilindrli mühərrikin onun varisinə miras qalacağından xəbər verir.