Batareyaları bir çox avtomobil istehsalçısı tərəfindən istifadə edilən iri Çin holdinqi CATL (Contemporary Amperex Technology Limited), əhəmiyyətli bir yeniliyi təqdim edib - seriya istehsalına hazır olan natrium-ion dartma batareyası. Bu batareyalar nisbətən ucuz elektromobillər üçün nəzərdə tutulur və gələcəkdə belə batareyalar geniş yayılmalıdırlar.

Natrium-ion batareyası yeni bir şey deyil, onun yaradılması üzərində işlər 90-cı illərin əvvəllərindən bəri aparılır, lakin belə batareyaların seriya istehsalına yalnız 2015-ci ildə başlanılıb. Buna baxmayaraq, onların əhatə dairəsi hələ də məhduddur.

Enerji xüsusiyyətləri baxımından natrium-ion batareyası demək olar ki, litium-ion batareyası ilə eynidir, lakin litium, kobalt və ya nikel kimi bahalı materialları ehtiva etmir və buna görə də qiyməti nəzərəçarpacaq dərəcədə aşağıdır.

Digər bir üstünlük, saxlama və istismarı asanlaşdıran və eyni zamanda faktiki enerji tərkibindən tam istifadə etməyə imkan verən tam boşalmaya qarşı yüksək dayanıqlılığıdır.

Natrium-ion batareyalarının da mənfi cəhətləri var. Natrium litiumdan daha ağırdır və belə batareyaların xüsusi enerji tutumu nəzərəçarpacaq dərəcədə aşağıdır: bir kiloqrama 160 vat-saat. Litium-ion batareyalarında bu göstərici bir kiloqrama 250-280 vat-saat təşkil edir.

Bundan əlavə, natrium-ion batareyaları katod və anodun materiallarına daha yüksək tələblər irəli sürür: onların yanlış seçimi böyük gərginlik düşməsinə və səmərəliliyin azalmasına səbəb olur. CATL bu problemi həll etdiyinə zəmanət verir: katod üçün prussian white olaraq bilinən mürrəkkəb dəmir-sianid birləşməsindən, anod üçün isə, məsaməli quruluşa malik olan karbondan istifadə edilir. Bu cütlük sayəsində mühəndislər sabit gərginlik və yüksək enerji mübadiləsi göstəricilərinə nail ola biliblər.

Bundan əlavə, litium-ion ilə müqayisədə yeni natrium-ion batareyası aşağı temperaturlarda daha yaxşı işləyir və doldurma zamanı daha az qızır. Məsələn, mənfi 20 dərəcə cərəyan səviyyəsinin 90 faizi qorunub saxlanılır, müsbət 20 dərəcədə isə, natrium-ion batareyasının 80 faizinin doldurulmasına 15 dəqiqə vaxt gərəkdir.

Bundan başqa, CATL şirkəti bir gövdədə litium-ion və natrium-ion hüceyrələrinin (təxminən 1: 2 nisbətində) quraşdırıldığı hibrid akkumulyatorun layihəsini də təqdim edib. Onlar paralel olaraq birləşdirilir və qiymət ilə xüsusi enerji tutumu arasında şərti tarazlığı əldə etməyə imkan verir.

Ancaq belə batareyanı idarə etmək üçün mürəkkəb proqram təminatı tələb olunur. Ancaq bu, çox güman ki, müvəqqəti həll yoludur, çünki CATL artıq bir kiloqrama 200 vat-saat enerji tutumu olan ikinci nəsil natrium-ion hüceyrələrini hazırlayır. Elektromobillərdə quraşdırılacaq natrium-ion batareyalarının seriya istehsalına 2023-cü ildə başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.