Keçən il Sciadipersia kupesini təqdim edən Touring Superleggera atelyesi, avtomobili 10 nüsxədə buraxacağını bəyan etmişdi. Lakin, reallıq bu məsələyə düzəliş etməyi tələb edib. Bir tərəfdən müştərilər avtomobilin kabriolet kuzovlu versiyasını tələb edir, digər tərəfdən isə, avtomobili sifariş etmiş müştəriləri məyus etməmək gərək idi. Məsələ modelin eksklyuzivliyini qoruyub-saxlamasıdır – belə avtomobilləri məhz kiçik tirajına görə qiymətləndirirlər.

Nəticədə, avtomobilin açıq modifikasiyası peyda olub – onun debütü bu ayın əvvəlində Cenevrə avtosalonunda baş tutub. Tirajla bağlı problemi italyanlar incə şəkildə həll ediblər: cəmi 15 ədəd Touring Sciadipersia avtomobili buraxılacaqdır. Lakin, gələcək müştərilər avtomobilin kuzov növünü seçmək hüququna malikdirlər. Yəni, bağlı kuzovla olan avtomobillərin sayı planlaşdırıldığından az ola bilər.

Sciadipersia kupesinin Maserati GranTurismo kupesinin bazasında inaş edildiyi məlumdur. Kabriolet üçün donor isə Maserati GranCabrio modeli çıxış edir. Avtomobillərin xarici kuzov panelləri tamamilə yenidir və Touring Superleggera mütəxəssisləri tərəfindən əl ilə hazırlanır. Bəzi elementlərin hazırlanmasında karbondan istifadə edilir. Yeni kabriolet donoruna nisbətən 55 millimetr uzun olsa da, hər iki avtomobilin eni və hündürlüyü eynidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin salonunda yalnız üzləmə dəyişdirilib, texniki hissə isə, tamamailə standartdır. Maserati GranCabrio kimi, Sciadipersia 460 at qüvvəli 4,7-litrlik V8 mühərriki və altı pilləli ZF “avtomatı” ilə təchiz edilir. Dinamik xarakteristikalar da saxlanılıb: yerindən 100 km/saata sürətlənmə 5,0 saniyəyə həyata keçirilir. Kabrioletin maksimal sürəti 288 km/saatdır.

Ən vacib şərtlərdən biri donor avtomobilinin sifarişçi tərəfindən təqdim edilməsidir. Dəyişikliklərin qiyməti açıqlanmayıb və fərdi qaydada müəyyən edilir. Avtomobilin hazırlanmasına yarım il tələb olunur.