Bu gün məşhur Aston Martin şirkətinin Azərbaycanda rəsmi dileri olan "Avtolux Azərbaycan" şirkəti dəbdəbəli və ecaskar Aston Martin DB11 kupesinin yerli media nümayəndələri üçün təşkil edilmiş təqdimat mərasimini keçirmişdir.

Bu tədbirə Böyük Britaniyadan istehsalçısının satış üzrə regional meneceri Sidi Larbi Bensouda da təşrif buyurmuşdu. Eyni zamanda, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilmiş mətbuat konfrnsında,  S.L.Bensouda ilə yanaşı, Aston Martin Baku mərkəzinin brend meneceri Tural Xancığazov da iştirak edirdi. Aston Martin nümayəndələri ilk olaraq DB11 modeli barədə ətraflı məlumat təqdim edərək, bu dəbdəbəli Gran Turismo avtomobilində tətbiq edilmiş müasir texnologiyalar haqqında danışdılar.  Onlar Aston Martin DB11 modelinin Britaniya istehsalçısının şanlı tarixində yeni səhifə açdığını bildirdilər. 

Toplaşan media nümayəndələrinə hər bir tematik mövzu barədə çəkilmiş qısa videoçarxlar da nümyiş etdirildi. Sonra cənab Bensuoda və Xancığazov mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Nəhayət toplaşanların çoxdan həyəcanla gözlədiyi an gəldi və avtomobilin üzərindəki örtük qaldırıldı. Aston Martin DB11 modeli jurnalistlərin alqışları ilə qarşılandı. Həqiqətən də Aston Martin DB11 kupesi bu alqışlara layiq bir avtomobildir. Qeyd etmək lazımdır ki, bu alqışların yarısı kupeni cazibədarlığını artıran xüsusi sarı rəngi seçmiş Aston Martin Baku mərkəzinin əməkdaşının payına düşür.

Beləliklə, gəlin bir qədər bu modelin tarixinə səyahət edək. Keçən il keçirilmiş 86-cı Beynəlxalq Cenevrə avtosalonunda təqdim edilmiş kupe DB9 modelini əvəz etmiş və yuxarıda da qeyd etdiyimiz kimi Britaniya istehsalçısının yeni eraya qədəm qoyduğunun carçısı olmuşdur. Bu modellə bağlı olan maraqlı bir fakt isə, onun digər məşhur bir brend - Mercedes-AMG şirkəti ilə birgə hazırlanmaş ilk avtomobil olmasıdır. 

Avtomobilin xarici görünüşü DBX krossoverinin dizayn üslubunda hazırlansa da, biz sportkarın çöhrəsində məşhur xəfiyyə Ceyms Bondun Aston Martın DB10 avtomobilinin, həmçinin CC110 və One-77 modellərinin tanış cizgilərini görə bilərik. Nəticədə britaniyalılara, bütün adı çəkilən avtomobillərin ən yaxşı cəhətlərinin cəmləndiyi gözəl «Qran Turizmo» kupesini yaratmaq nəsib olmuşdur.

Aston Martin DB11 modelinin interyeri bu markanın ənənələrinə uyğun olaraq yaradılmışdır. Onun salonunda artıq Mercedes-Benz şirkəti ilə əməkdaşlığın izlərini müşahidə etmək olar - buna misal olaraq alman istehsalçısının avtomobillərindən tanış olan Command sisteminin joystikini göstərmək olar. Bu fakt eyni zamanda DB11 ən müasir texnologiyalarla təchiz edildiyindən xəbər verir. Dahilərin dediyi kimi - bütün dahiyanə görünənlər sadə olanlardır. Buna misal olaraq DB11 modelini təkər tağı üzərində olan aerodinamik çıxışı göstərmək olar. Bu sadə çıxış avtomobilin aerodinamikasını effektiv etməyə xidmət edir. Digər bir misal - tamamilə  «uçan metaldan» hazırlanmış kapotu göstərmək olar ki, avtomobilin bu elementi də dünyada alüminiumdan hazırlanan ən iri elementdir. Ümumiyyətlə, DB11 modelinin kuzovunun hazırlanmasında alüminiumdan geniş istifadə edilmişdir.

Aston Martin DB11 kupesi istehsalçının özünün məhsulu olan yeni VH modul platformasında yaradılmışdır. Bundan başqa, kupe tamamilə yeni asma ilə təchiz edilmişdir ki, yeni sistem sürücü və sərnişin üçün rahatlığı təmin etdiyi kimi, idarəetmədən də həzz almağa imkan verir. Dəbdəbəli kupenin döyünən ürəyi olan mühərriki də bu günki mütərəqqi texnologiyaların ən gözəl nümunəsidir. 608 at qüvvəsi və 700 Nm fırlanma anı olan 5,2-litrlik iki turbokompressorlu V12 mühərriki ZF firmasının istehsalı olan səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə işləyir. Bu tandem sayəsində Aston Martin DB11 100 km/saat həddinə kimi sürətlənməyə 3,9 saniyə sərf edir. Onun maksimal sürəti isə 322 km/saat təşkil edir. 

Qeyd etmək lazımdır ki, yeni avtomobilin ilk addımları Aston Martin şirkəti üçün çox uğurlu olmuşdur. Belə ki, avtomobil hələ satışa çıxarılmamışdan 1400 sifariş qəbul edilmişdir. Bunlardan 500 sifariş vacib müştərilər üçün keçirilmiş bağlı təqdimat mərasimində qəbul edilmişdir. Daha 500 nəfər yeni kupenin internetdə şəkillərinin dərc edilməsindən sonra, qalan 400 nəfər isə Cenevrə avtosalonundakı nümayişdən sonra sifarişi rəsmiləşdirmişdirlər. Bu istehsalçının tarixində olan ilk rekorddur.

Daha bir faktı qeyd etmədən bu mövzunu yekunlaşdırmaq istəmirəm. Hər kəs bilir ki, Aston Martin avtomobilləri hər zaman həyəcanlı təqiblər zamanı məşhur xəfiyyə Ceyms Bondun yardımçısı olmuşdur və Aston Martin dedikdə məşhur agent yada düşür.

Lakin, maraqlısı odur ki, Ceyms Bond hələlik bu avtomobilə həsədlə baxır. Ola bilsin ki, sonrakı filmlərdə ona DB11 modelində cinayətkarları təqib etmək qismət olsun, amma hazırda bu avtomobili Avtolux şirkətinin şou-rumundan çıxaracaq şəxsə Ceyms Bond özü həsəd aparacaqdır.