Chevrolet şirkəti Şanxay avtosalonunda yeni Tracker və TrailBlazer modellərini təqdim edib. Əslində, bu avtomobillər başqa kuzov panelləri və Chevrolet emblemi olan Buick Encore və Encore GX krossoverləridir. Çin adət-ənənəlirinə uyğun olaraq avtomobillər bağlı salonlarla sərgilənir və yeganə məlum olan təkər disklərinin ölçüsüdür - 17 düym.

Şayiələrə görə, daha iri ölçülü Chevrolet TrailBlazer yeni VSS-S yeni modul platformasında, Tracker isə ya eyni platformanı, ya da yığcam GEM platformasında inşa edilibdir. Çin sertifikasiya orqanlarından alınan məlumata görə, yeni Tracker 4270 millimetrlik uzunluğa, 1791 millimetrlik enə və 2570 millimetrlik təkər bazasına malik olacaqdır.

Chevrolet TrailBlazer modelinin ölçüləri isə hələlik məlum deyildir. Çox güman ki, bu model Buick Encore GX ilə eyni ölçülərə malik olacaqdır. Tracker modelinin 115 at qüvvəli 1,0-litrlik üçsilindrli turbomühərrik və altı pilləli preselektiv «robot» ilə təchiz ediləcəyi gözlənilir. Çin mətbuatı daha güclü mühərriklərin də təklif ediləcəyini ehtimal edir. Bundan başqa, Tracker krossoverinin qlobal model olacağı dəqiqdir.

Chevrolet TrailBlazer modelinin beynəlxalq perspektivləri isə bir qədər qeyri-müəyyəndir.