Polestar markası Çinin Çendu şəhərində inşa etdiyi zavodun tikintisini başa vuraraq, onu işə salıb. Çinin sənaye mərkəzində yerləşən zavod “ölkənin ən ekoloji təmiz istehsalı” kimi səciyyələndirilir. Yeni zavodda Polestar 1 modelinin istehsalı yerləşdirilib. Burada sınaq poliqonu və müştərilərə xidmət mərkəzi də mövcuddur.

Polestar 1 hibrid kupesinin istehsalı xüsusi avadanlıq və texnoloji prosesi tələb edir. Bunun səbəbi avtomobilin tamamilə karbondan hazırlanan kuzovudur. Bir müddət bundan öncə, kupenin test rejimində yığılmasına Göteborq şəhərində başlayıblar. Sonradan bütün avadanlığı Çindəki müəssisəyə göndəriblər.

Yeni zavodda hər il 500 min avtomobilin istehsal edilməsi nəzərdə tutulur. Bu avtomobillərin bir hissəsi daxili bazarda satılacaq, digər hissəsi isə ixrac ediləcəkdir. Polestar 1 kupesinin başlanğıc qiyməti 130-150 min avro arasında olmalıdır.