Bu həftəsonu DTM çempionatının növbəti mərhələsi Şpilberqdəki Red Bull avtodromunda keçiriləcəkdir. Bu gün ilk yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyası baş tutubdur.

Mercedes komandasının ispan pilotu Daniel Hunkadella Şpilberqdəki treki 1.36,071 zamanla başa vuraraq poula sahib olub. Qeyd etmək lazımdır ki, sıralama sessiyası yağmurlu hava şəraitində keçibdir. Timo Qlok liderdən 0,071 saniyə geridə qalaraq ikinci nəticəni göstərib və yarışı Hunkadella ilə ilk sıradan başlayacaqdır. Audi pilotlarından ən yaxşı nəticə göstərən pilot Mayk Rokenfeller olub. O, Red Bull avtodromundakı dövrəni 1.36,300 saniyə zamanla başa vuraraq üçüncü nəticəni qeydə alıb.

Pol di Resta (Mercedes) dördüncü nəticəni göstərib və Rokenfeller ilə eyni cərgədən start alacaqdır. Üçüncü cərgədən yarışı başlamaq hüququnu Marko Vittmann (BMW) və Lukas Auer (Mercedes) əldə ediblər. Auqusto Farfus və Robin Friyns (hər ikisi - BMW) dördüncü sıradan yarışı başlayacaqdır. 

Nürburqrinqin fatehi Rene Rast (Audi) və çempionatın lideri Qəri Paffett (Mercedes) ilk onluğu tamamlayan pilotlar olublar.