GMC markası Sierra EV elektrik pikapı üzərindəki sirr pərdəsini götürüb. Hələlik modelin ən dəbdəbəli və bahalı Denali Edition 1 versiyası təqdim olunub. Belə versiyanın qiyməti 107.000 dollardır. GMC Denali Edition 1 pikapının ümumi gücü 765 at qüvvəsi olan iki elektrik mühərriki, pnevmatik asqısı, avtopilotu, xarici avadanlıq üçün bort generatoru, kilidlənə bilən ön baqaj bölməsi və yükləmə uzunluğunu 1,8 metrdən 2,7 metrə qədər artıran unikal orta divarı var.

GMC Sierra EV pikapı Hummer EV modelinin Ultium platformasından istifadə edir. Buradakı batareya güc strukturunun bir hissəsidir və ümumi hasilatı 765 at qüvvəsi və 1064 Nm fırlanma anı olan iki elektrik mühərrikini (hər oxda biri) qidalandırır.

Max Power rejimində pikap sıfırdan 60 mil/saata (97 km/saat) sürətlənməsi 4,5 saniyə çəkir. General Motors nümayəndələrinin sözlərinə görə, dolu batareya ilə elektromobil təxminən 640 kilometr məsafə qət edəcəkdir.  Yüksək sürətli yükləmə terminalına 10 dəqiqəlik qoşulma 160 kilometr yürüş ehtiyatı verəcəkdir. Buna 800 voltluq arxitektura sayəsində nail olunub.

Sierra EV pikapının bir neçə versiyası olacaqdır. Hələlik amerikan markası pikapın ən bahalı və dəbdəbəli verisyasını nümayiş etdirib.

Edition 1 indekslinə malik olan versiya klirensi 51 millimetr arasında tənzimləməyə imkan verən adaptiv pnevmatik asqı, xarici avadanlığı qoşmaq üçün nəzərdə tutulmuş Power Station Pro generatoru (10 rozetkaya və 10,2 kilovata qədər güc), Super Cruise avtopilotu, yük platformasının çoxfunksiyalı MultiPro Tailgate qapısı və sərnişin salonu ilə kuzov arasında innovativ MultiPro Midgate divarı ilə təchiz olunur. Orta divar açıq olduqda, yükləmə uzunluğu 1,8 metrdən 2,7 metrə qədər artır.

Sierra EV Denali Edition 1 yalnız iki sıralı Crew Cab kabini ilə təklif olunacaqdır. Pikapın təchizatına 16,8-düymlük mərkəzi ekranı (modelin tarixində ən böyük ekran), 11-düymlük virtual cihazlar paneli və 14-düymlük proyeksiya ekranı daxildir.

Bunlara güc aqreqatının beş iş rejimi (Standart, Tow/Haul, Off-Road, Max Power və fərdiləşdirilə bilən My Mode), idarə olunan arxa təkərlər, CrabWalk və tək pedalla idarəetmə funksiyası əlavə edilib. Bundan başqa, pikap iki istiqamətli elektrik ötürülməsini dəstəkləyir və orta statistik yaşayış binasını 21 gün ərzində enerji ilə təmin edə bilər.

Soldan sağa: GMC Sierra EV Elevation, AT4, Denali Edition 1

Sierra EV modelinin kapotunun altında iki drenaj dəliyi və 120 voltluq çıxışı olan kilidlənən germetik eTrunk baqajı var. Pikapın yükgötürmə qabiliyyəti 590 kiloqram, yedəyə alınan qoşqunun maksimal çəkisi isə 4,3 tondur.

Daxili tərtibatda açıq məsaməli ağac şponundan (hətta qadcetlərin simsiz doldurması meydançası da ağacla örtülüb), alüminium və paslanmayan poladdan istifadə olunur. Ultrabənövşəyi örtüyü olan panoram dam, 14 görüntüləmə variantı olan dairəvi görünütü kameraları və Bose audio sistemi standart təchizata daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GMC Sierra EV Denali Edition 1 pikapının tədarükünə 2024-cü ildə başlanacaqdır. Daha sonra modifikasiya çeşidinə daha iki modifikasiya əlavə olunacaqddır: ofroud xarakterli Sierra EV AT4 və başlanğıc Sierra EV Elevation.

Pikap ən sadə versiyasının qiyməti təxminən 50 min dollar təşkil edəcəkdir. Pikaplar Detroitdakı Factory Zero zavodunda buraxılacaqlar. Müəssisənin yenidən təchiz edilməsinə qoyulmuş sərmayə 2,2 milyard dollar təşkil edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.