Vallahi 8 il bundan öncə Rolls-Royce Motors şirkətinin başına yenicə keçmiş Torsten Ötvös-Müllerə dəbdəbəli britaniya markasının SUV buraxacağını söyləsəydim, məni hoydu-hoyduya götürərdi. Dünyanın işlərini bilmək olmaz... Deyirəm, qulaqlara qurğuşun, birdən bunlar kross-kupe, pikap-filan buraxmaq fikrinə düşərlər ha. Demədi, deməyin...

Bu gün isə biz Bakıda Rolls-Royce markasının ilk SUV modelinin təqdimatında iştirak edirik. Əlbəttə ki, Cullinan modelinin yolsuzluqda "uçan xalçanı" xatırlatdığını iddia edirlər. Sırf bu məsələni aydınlaşdırmaq üçün, Britaniya tacının bəzəyi olan və dünyanın ən iri brilliantının şərəfinə adlandırılan bu ofrouderi sınaqdan çıxarmaq istərdim. Hər halda,istehsalçının nümayəndəsi bizim belə bir imkanımızın olduğunu bildirdi. 

Təqdimatda daha bir maraqlı məlumatı da eşitdik - sən demə, Rolls-Royce şirkətinin arxiv sənədlərinə əsasən, ilk Rolls-Royce avtomobili Bakıda 1930-cu ildə satılıb. Bəli, Azərbaycanda ilk "Rollsu" alan neftxudalar deyil, bolşeviklər olub. Nə deyim, bolşevik olsalar da, ağızlarının ləzzətini bilirlərmiş...