Çinin Autohome.com.cn nəşri yerli markaların avtomobillərinin etibarlılığına dair apardığı araşdırmanın nəticələrini paylaşıb. Mütəxəssislər avtomobil sahiblərinin yeni avtomobili aldıqları tarixdən 2 aydan 12 aya qədər olan müddətdə qarşılaşdıqları problemləri araşdırıb və avtomobil istehsalçılarını 100 avtomobildə aşkar edilən qüsurların (PPH göstəricisi - Problem Per Hundred) sayına görə sıralayıblar. Yəni şikayətlər nə qədər azdırsa, brend reytinqdə bir o qədər yüksəkdədir.

Reytinqə 15 Çin şirkəti daxildir. Ən etibarlı avtomobillər Nio, Venucia (Dongfeng-Nissan) və Lynk & Co (Geely) markalarının avtomobilləridir. Nio markasının PPH göstəricisi 100 avtomobilə 49 qüsur, Venucia markasının 100 avtomobilə 50 qüsur, Lynk & Co brendinin isə 100 avtomobilə 98 qüsur təşkil edib.

Nio ES8

Reytinqdə sonrakı yerləri hər 100 avtomobilə 102 qüsur olan Maxus (FAW) və Li Auto startapı tutub. İlk onluqda həmçinin Geometry (Geely), BYD, Dongfeng Forthing, Baojun və Exeed (Chery) markaları yer alır. Chery, Geely, GAC Aion, Changan Oshan və Xpeng markaları ən yaxşı 15 keyfiyyətli brend arasındadırlar.

Avtomobilləri problemli olan şirkətlər arasında Ora, Changan, Hongqi və GAC Trumpchi markaları var - bu brendlərin avtomobillərində ən çox şikayətlərə səbəb olan salon tərtibatının keyfiyyətidir.

Venucia Xing

Jetour, Roewe, FAW Bestune, Dongfeng Forthing və Baojun modelləri qeyri-qənaətcil və səs-küylü avtomobillər adlandırılıblar, Neta, Roewe, Leapmotor və GAC Trumpchi avtomobilləri idarəetmə keyfiyyətinə görə tənqid edilib, ən problemli iqlimə nəzarət sistemi isə GAC Aion, Wuling, Neta, Ora və Leap Motor avtomobillərində aşkar olunub.

Tədqiqatın nəticələrinə görə, ekspertlər belə qənaətə gəliblər ki, ümumilikdə Çin avtomobillərinin etibarlılıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb – ilk 15-liyə daxil olan yerli brendlərin avtomobillərinin keyfiyyəti orta göstəricidən yüksək olub.

Lynk&Co 09

Avtomobil sahiblərinin ən çox şikayətinə səbəb olan zəif nöqtələrə səs izolyasiyası, kuzov, daxili tərtibat, mühərrik və iqlimə nəzarət sistemi daxildir. Çin avtomobillərinin güclü tərəfləri “ağıllı” sistemlər, elektron avadanlıq və transmissiyadır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.