Hər bir geyim əşyasının daxilindəki etiketləri və onların üzərində olan məlumatları, məsələn, parçanın tərkibi haqqında məlumatı və digər simvolları hamı görüb. Bu simvollarda geyim əşyasına düzgün qulluq barədə məlumatlar əks olunur.

Bəs bu simvollar nə deyir?

Hər bir parçanın özünə məxsus xüsusiyyətləri var, odur ki, onlara qulluq da müxtəlifdir. Əgər bu xüsusiyyətlərə diqqət yetirmədən, əşyanı paltaryuma maşınına atıb, standart proqramda yusanız, nəticədə korlanmış paltarla üz-üzə qala bilərsiniz. Əşya köhnədirsə, bu o qədər də böyük problem olmaya bilər, lakin bahalı və yeni alınmış paltarın yararsız hala gəlməsi yaxud yun sviterin 3-4 bədən kiçilməsi sahibinə böyük məyusluq gətirə bilər.

Düzgün qulluq edilən paltar uzun illər istifadə oluna bilər. Yetər ki, etiketdə olan simvollara diqqət yetirərək, onlara riayət edəsiniz. Əgər, paltar yeni alındıqda bu etiketlər yoxdursa (çox zaman onları kəsib, atırlar), gərəkli məlumatı istehsalçının vebsaytından əldə ətmək olar. Bu simvollarda əşyanı yuma, qurutma, ütüləmə qaydaları göstərilir. Onlara riayət edərək, təmizləmənin doğru yolunu seçmək olar.

Bu simvollar ISO 3758:2012 beynəlxalq standartlarıdır.

Təmizləmə təlimatları olan etiketləri paltarın üstündə saxlamaq məsləhətdir, çünki təmizləmə məntəqəsinə təhvil verdiyiniz zaman, həmin məlumatlar əsas götürülərək, paltarın təmizlənməsi üsulu seçilir. Bu da onun korlanmasının qarşısını alacaq.

Su qabı – yuyulma qaydaları
Kvadrat – qurutma qaydaları
Ütü – ütülənmə temperatur rejimi
Üçbucaq – ağartma qaydaları
Dairə – peşəkar təmizləmə  

Əsas beşliyə əlavə olaraq, digər simvollardan da istifadə olunur: bir və ya iki xətt, nöqtələr və xaç.

Əsas simvolun altındakı bir xətt əməliyyat zamanı mülayim rejimdən istifadə edilməsini nəzərdə tutur. İkiqat xətt daha mülayim və incə rejimi nəzərdə tutur.

Bir nöqtə və ya rəqəm temperatur rejimindən danışır. Nöqtə sayı və ya rəqəm nə qədər yüksəkdirsə, ütüləmə, yuyulma və ya qurutma temperaturu daha yüksəkdir.

Xaç simvolu qadağan işarəsidir. Etiketdə varsa, əşya yuyula, ütülənə və ya sıxıla bilməz.   

Yuma və qurutma simvollarının təyinatı aşağıda əyani göstərilir:

Yuma simvolları ən asan anlaşılandır, “su qabı”ndakı rəqəmlər yuyulmanın ən yüksək temperaturunu göstərir. Bir qayda olaraq temperatur rejimi 30-95°C arasında göstərilir.

Kvadrat simvolu – qurutma prosesini göstərir. Simvollar paltarları birbaşa paltaryuyan maşında sıxmaq və qurutmaq mümkün olub olmadığını və ya yalnız adi qurutma yolu ilə olduğunu izah edir.

Kvadratın içərisində dairə yoxdursa, bu, paltarları maşında deyil, təbii şəraitdə qurutmağın lazım olduğunu göstərir. Əgər varsa, əşyanın paltaryuyan maşının barabanında qurudulmasına icazə verir, qurutmanın maksimum temperaturu isə onun içərisindəki nöqtələrin sayı ilə təyin edilir. Nöqtərin olması yüksək temperaturda qurutmağa icazə verildiyini göstərir.

Ütüləmə – ütü işarəsi buxarla yaxud buxarsız ütüləmə üsulunun göstəricisidir. Temperaturun səviyyəsi simvolun daxilindəki bir, iki və üç nöqtə (ütülərin idarəetmə panellərində də belə nöqtələr mövcuddur) ilə göstərilir.

Ütü simvolunun daxilindəki bir nöqtə buxarsız ütüləməyə işarədir, əks halda paltara ziyan dəyə bilər.

Dairə peşəkar təmizliyin olmasına işarədir. Bu – quru təmizləmə deməkdir.

Üçbucaq ağartmaya olan tələbi göstərir. 

Paltarların tələblərə uyğun təmizlənməsi onların uzun müddət istifadəsinə yol açır. Tələb olunduğundan yüksək temperaturda ütülənmə bəzi parçaların daha sürətlə aşınmasına səbəb ola bilər. Ona görə etiketdəki təmizləmə simvollarını oxumaq vacibdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.