Budur, Formula 1 çempionatının Avropa qitəsində keçirilən mərhələlərinin arasında ən nüfuzlusu sayılan Monako Qran Prisinə start verilmişdir. Hər kəsin də bildiyi kimi, Monakoda qələbə qazanmaq pilotlar üçün tamamilə başqa anlam kəsb edir. Burada əldə edilmiş qələbə digər treklərdə qazanılmış qələbələrdən dəfələrlə qiymətli sayılır. Bu gün Monakoda keçirilmiş sıralama turlarında Red Bull Racing komandasının Avstraliyalı pilotu Daniel Rikkardo ilk yerdən start almaq haqqını qazanmış oldu. Avstraliyalı pilot Monakoda, hər kəsin favorit saydığı, Mercedes komandasının pilotları Niko Rosberqi və Lyuis Həmiltonu geridə qoymağı bacardı.

Bildiyimiz kimi, Monte-Karlonun dar küçərələrində keçirilən yarışda demək olar ki, ötmələri həyata keçirmək çox çətin məsələdir. Bu səbəbdən də şənbə günü keçirilən sıralama turları böyük əhəmiyyət kəsb edir. Sıralama turlarında ilk yerdən start almaq hüququnu əldə etmək - yarışı 70 faiz qazanmaq deməkdir. Statistikaya nəzər salsaq, son 10 ildə Monako Qran Prisini qazanmış pilotların yeddisi ilk yerdən start almış pilotlardır. 

Beləliklə, Monakoda qəza risqi böyük olduğundan pilotlar maksimum diqqətli olmalıdırlar. Yaxşı zaman göstərmək üçün isə, pilotdan dövrəni ideal şəkildə tamamlamaq tələb olunur. Bu səbəbdən də pilotlar var gücləri ilə döngələrdə hücum etməli olurlar və ən xırda səhv qəzaya gətirib çıxarda bilər ki, biz də bu gün bunu İspaniya Qran Prisinin qalibi gənc Maks Ferstappenin misalında görmüş olduq - 15-ci döngədə səhvə yol vermiş gənc holladiyalı 16-cı döngədə bolidini baryerləyə çırparaq sıralama turlarını tərk etmiş oldu.

İlk sessiyada Ferstappendən başqa sıralamanı tərk edən pilotlar Eriksson, Palmer, Haryanto, Verlyayn və Nasr oldular.

Lakin, bu hadisə bu gün baş vermiş ilk hadisə deyildi - sıralama turlarının ilk dəqiqələrində Felipe Nasrın bolidindəki partlayan Ferrari mühərriki ilk sessiyanın qırmızı bayraqlarla dayandırılmasına səbəb olmuşdu.

İlk sessiyanın ən sürətli pilotu Sebastyan Fettel oldu. Qeyd etmək lazımdır ki, digər Ferrari pilotu Kimi Rəykkonenin qarşısında daha ağır vəzifə dururdu - sürətlər qutusunu dəyişməyə məcbur qalan fin pilot sabah starda beş yer itirəcəkdir. 

İkinci sessiyada Həmilton ilk cəhddən protokola başçılıq etsə də, ikinci cəhddən sonra Niko Rosberq əldən verdiyi birinici yeri geri qaytarmış oldu. Qeyd etmək lazımdır ki, ikinci sessiyada SuperSoft təkərlərini seçən pilotlardan biri də Rikkardo olmuşdur.

O, bu təkərlərlə UltraSuperSoft təkərlərində göstərdiyi nəticədən daha yaxşı nəticə əldə etmiş oldu. İkinci sessiyanın sonunda sırlama turlarına əlvidə deyən pilotlar Bottas, Qutyerres, Batton, Massa, Qrojan və Maqnussen oldular.

Üçüncü sessiya da sürprizlə başlamış oldu - Həmitonun gücünü itirmiş Mercedes bolidi  pit yolunda hərəkətsiz dayanmış oldu. Mexaniklər bolidi boksa itələyərək onu yenidən həyata qaytardılar. Renault mühərrikinin yeni variantını istifadə edən Rikkardo ilk cəhddən günün ən yaxşı vaxtını göstərmiş oldu və heç bir pilot bu vaxtı yaxşılaşdıra bilmədi.

Beləliklə, sabahkı yarışda ilk cərgədən Rikkardo və Rosberq start alacaqdırlar. İkinci cərgədən isə yarışı başlayacaq olan pilotlar Həmilton və Fettel olacaq. Üüçüncü cərgəni isə, Hülkenberq və cəza almış Rəykonenin yerinə keçən Sayns bölüşdürəcəklər.

Adətən Monako Qran Prisi özünün cansıxıcılığı ilə seçilr. Ötmələrin az olması üzündən komandalar daha çox strategiya üzərində ciddi çalışmalı olurlar. Monakoda yarışında qəza risqinin yüksək olması bu mərhələyə rəngarənlik qatan yeganə amildir.