FAW konserni Bestune markası altında “yuxarı kütləvi” seqmentdən olan modelləri buraxır. Hazırda brendin model çeşidində T-seriyasından olan dörd krossover və bir minik avromobili var. Bu, keçən il debüt edən iri ölçülü FAW Bestune B70 liftbekidir.

İndi isə, bu liftbekin əsasında yaradılmış B70S modeli Quançjou avtosalonunda debüt edib. S indeksi sizi yanıltmasın – yeni model liftbekin “idman” modifikasiyası deyil, əksinə hündürləşdirilmiş kross-hetçbekdir. Lakin Çin istehsalçısı yeni modeli kupe-krossover adlandırmağa üstünlük verir.

Qeyd etdiyimiz kimi, B70S modeli adi B70 modelinin əsasında yaradılıb: hər iki model ümumi FMA (FAW Modular Architecture) modul platformasına, kuzovun üslubuna və interyer tərtibatına malikdirlər.

Lakin kross-hetçbek bir qədər yığcamdır: oxlar arasındakı məsafə 2800-dən 2750 millimetrə, uzunluq isə 4810-dan 4555 millimetrə qədər azaldılıb. Yeni modelin eni 1850 millimetr, hündürlüyü isə 1515 millimetr (+60 millimetr) təşkil edir.

Çin istehsalçısı yeni modelin ilham mənbəyinin FAW-Mazda birgə müəssisəsi tərəfindən buraxılan Mazda CX-4 modelinin olduğunu inkar etmir. Bununla belə, yapon modelindən birbaşa götürmələrin olmadığı və Bestune B70S modelinin texniki cəhətdən fərqli olduğu bildirilir.

Çin avtomobili 19-düymlük disklərə, gizlənən qapı tutacaqlarına və tamamilə LED optikaya malikdir.

Kross-hetçbekin salonu tam şəkildə liftbeki təkrarlayır. Ön paneldə iki displey quraşdırılıb, üstəlik, multimedia sisteminin ekranı yündül şəkildə sürücüyə tərəf çevrilib. Klimat-kontrolun idarəetmə bloku sensorlu olsa da, iki fırlanan şaybaya malikdir. Modelin təchizatına ön oturacaqların elektriklə tənizmlənməsi, panoram dam və dairəvi görüntü kameraları daxildir.

B70 və B70S modelləri texniki cəhətdən də bənzərdilər. Baza 1,5-litrlik (169 at qüvvəsi və 258 Nm) turbomühərriki 6-pilləli mexaniki transmissiya və ya 7-pilləli “robot” ilə təchiz edilir. Liftbekin mühərrik çeşidində bu yaxınlarda peyda olmuş 2,0-litrlik (224 at qüvvəsi və 340 Nm) dördsilinrli turbomühərrik isə 6-pilləli “avtomat” ilə tandemdə çalışır. Ötürmə - ön oxadır. Arxa asqı - müstəqildir.

Image alt Image alt Image alt Image alt

FAW Bestune B70S modeli 2022-ci ilin yazında satışa çıxacaqdır. Qiymətinə görə o, Bestune B70 (16 min dollar) və Mazda CX-4 (23 min dollar) modellərinin arasında yer alacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.