Ferrari şirkətinin YouTube kanalında F8 Tributo berlinettasının videodebütü keçirilib. Ferrari 488 GTB modelinin davamçısı olan model markanın tarixindəki ən güclü V8 mühərrikinə, avtomobilə yana sürüşmə zamanı nəzarət etməyə imkan verən Side Slip Angle Control sisteminin yenilənmiş versiyasına və indiki üslubu gələcək modellər ilə başlayacaq “dizaynın keçid dilinə” sahib olub.

Ferrari F8 Tributo modelinin dizaynı italyan markasının dizayn mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Yeni üslub gələcək Ferrari modellərinin görünüşünün hansı istiqamətdə inkişaf edəcəyindən xəbər verir. Yeni superkar sələfindən 50 at qüvvəsi güclü və 40 kiloqram yüngüldür. Modelin 3,9-litrlik mühərriki 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. F8 Tributo modeli 100 km/saat həddinə 2,9 saniyəyə 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 340 km/saatdır.

Superkarın aerodinamik elementləri yarış avtomobillərinin aerodinamik kuzov dəstlərinin təkamülüdür. F8 Tributo modeli sələfi ilə müqayisədə 10% yaxşılaşdırılmış aerodinamikaya sahibdir. Qeyd etmək lazımdır ki, avtomobilin bir sıra texnologiyaları  Ferrari 488 Pista modelindən götürülüb. Buna misal olaraq, istiliyi mühərrikdən uzaqlaşdırma sistemini göstərmək olar. Söhbət bucaq altında yerləşdirilmiş arxa radiator və arxa spoylerin kənarlarındakı hava girişlərindən gedir.