Bildiyimiz kimi, Ferrari şirkəti italyan markasının ilk krossoveri olacaq Purosangue modelini hazırlayır. Bu səbədən də, italyanların Ferrari GTC4 Lusso şutinq-breykini istefaya göndərəcəyi barədə şayiələr dolaşmaqdadır. Lakin, Ferrari şirkəti şutinq-breykdən imtina etmək niyyətində deyil və dolaşan şayiələri təkzib edib.

Koronavirus pandemiyası italyan istehsalçısının planlarına təsir etməyibsə, Ferrari Purosangue modeli 2022-ci ildə satışa çıxmalıdır. Krossover, hibrid əlavəsi olan və olmayan V6, V8 və V12 mühərriklərinin quraşdırılmasını nəzərdə tutan  önmühərrikli platformada inşa ediləcək, habelə  transaxle sxeminə əsasən yerləşdirilmiş "robot" ilə təchiz ediləcəkdir. İtalyanlar krossoverin dörd qapıya, geniş salona və baqaj bölməsinə sahib olacağını vəd edirlər. Bununla belə, ortaya məntiqli bir sual çıxır - onda tamötrüməli GTC4 Lusso şutinq-breyki nəyə lazımdır?

Lakin, “Drive” nəşrinin bildirdiyinə görə, Ferrari şutinq-breykin istefaya göndəriləcəyi ilə bağlı şayiələri təkzib edib. Purosangue modelinin klassik krossoverdən daha çox hündür klirensli "dördqapılı kupe" olması barədə şayiələr yayılsa da, GTC4 Lusso şutinq-breykinə italyan markasının model xəttində yer tapılacağı bildirilir.

Xatırladaq ki, dördnəfərlik salona malik olan Ferrari GTC4 Lusso modeli 680 at qüvvəsi hasil edən 6,3-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilir.