Bəhreyn Qran Prisi texniki idman növlərinin hər zaman sürprizlərə açıq olduğunu bir daha sübut etdi. Hər kəs Ferrari komandasının gənc pilotu Şarl Leklerin qalib olacağını düşünərkən, onun bolidindəki mühərrikin nazaslığı, artıq qələbə ümidlərini itirmiş Lyuis Həmiltonun üzünü güldürdü.

Yarışın bitməsinə 10 dövrə qalmış mühərrikin silindrlərindən birinin xarab olması, gənc monakolunun qələbə ümidlərini puç etdi. Poulun sahibi olan  Şarl Lekler yarışa o qədər də uğurlu başlamasa da, gənc pilot rəqiblərini geridə qoyaraq liderliyini bərpa etməyi bacarıb. Sebastyan Fettel və Valtteri Bottasa keçilən monakolu tezliklə tempini bərpa edərək, altıncı dövrədə status-kvonu bərpa edib. Bundan sonra, Leklerə yalnız arxada baş verən hadisələrə nəzarət etmək qalırdı...

Qeyd etmək lazımdır ki, Sebastyan Fettel də bu yarışın qalibi ola bilərdi. Alman pilot komanda yoldaşını təqib edərək, ikincilik uğrunda Lyuis Həmiltonla mübarizə aparırdı.  Ümumilikdə doqquz titula malik olan iki rəqibin mübarizəsindən qalib çıxan Lyuis Həmilton olub. Birinci pit-stoplardan sonra önə çıxan britaniyalı, ikinci pit-stopdan rəqibinə keçilib və trekə onun arxasında çıxıb. Sonunda Həmiltonun hücum edərək Sebastyanı keçməyə müvəffəq olub. Sebastyanın bolidi yerində firlanaraq alman pilotun qələbə və ikincilik şanslarına son qoyub. Lakin, Fettelin problemləri bununla bitməyib – təkərlərini kvadratlaşdıran alman pilotun bolidindəki güclü titrəyiş onun ön qanadının sınması ilə nəticələnib.  Pitə yollanan alman pilot sonunda yarışı beşinci bitirməyi bacarıb.

Lekleri ötüb-keçən Həmilton və Bottas Mercedes komandasına növbəti dublu gətiriblər. Maks Ferstappenin də yarışı Melburndakı kimi podiumda bitirmək şansına malik idi. Lakin, yarışın sonuna üç dövrə qalmış Renault bolidlərinin eyni zamanda iflas etməsi və trekə təhlükəsizlik avtomobilinin çıxması onun podium şanslarına son qoyub.

McLaren komandasının debütant pilotu Lando Norris də uğurlu çıxış edərək, Bəhreyndəki yarışı altıncı olaraq bitirib. Yarışda xal qazanan digər pilotlar Kimi Rəykkonen, Pter Qasli, Aleks Əlbon və Serxio Peres olublar.    

Bəhreyn yarışı Barselona testlərinin nəticələrini təkrar etmiş oldu. Ferrari SF90 hazırda peletonda olan ən sürətli boliddir. İtalyanların “Axilles dabanı” isə, güc qurğusunun etibarlılığıdır. Mercedes bolidi də Ferrari SF90 yaxındır və ondan daha etibarlıdır. Güc nisbətinə görə Red Bull Racing komandası da ilk üçlükdədir.

Peletonun ortasında isə, vəziyyət bir qədər qarışıqdır. Görünən odur ki, McLaren bu qrupa liderlik etmək gücündədir, Renault komandası isə, ciddi sıçrayış etmək iqtidarında deyil. Haas hələlik sürətli görünür, lakin qəzalar və etibarsız Ferrari qurğusu amerikan komandasının başı üzərindəki "Damoklav qılıncına" çevrilib. İstənilən halda dəqiq fikir yürütmək üçün İspaniyanı gözləmək lazımdır.

Yeni mövsümün iki yarışından sonra Mercedes komandası hər iki çempionata liderlik edir. Bundan sonra, komandalar Formula 1 çempionatının 1000 yarışı keçiriləcək Çinə yollanırlar.