Ferrari şirkətinin Purosangue ("Saf qanlı") adlandırılan ilk krossoverinin ilk videogörüntüsü peyda olub. Krossover üzərində çalışmalar 2018-ci ildən bəri davam edir. Avtomobilin güclü kamuflyaja bürünmüş prototipi Maranello şəhərində yerləşən Ferrari zavodunun yaxınlığında keçirilən yol sınaqları zamanı çəkilib. Əvvəllər, Maserati Levante qılığına girən Purosangue modelinin statik şəkilləri casuslar tərəfindən çəkilmişdi, ancaq ilk dəfədir ki, krossoverin videogörüntüləri yayılıb.

Krossoverin elektrikləşdirilmiş güc qurğusunu alacağı məlumdur. 2018-ci ildə Ferrari modelin əsas elementlərinin təsvir olunduğu sxemi dərc edib. Bu sxemdə hibrid güc qurğusunun arxada ötürmələr qutusu ilə birlikdə yerləşdiyi görünür. Böyük ehtimalıa transmissiya SF90 Stradale modelindən götürülmüş iki muftalı "robotdur".

Ferrari Purosangue modeli, elektrik əlavələr də daxil olmaqla V6, V8 və V12 mühərrikləri ilə təchiz etməyə imkan verən Front Mid Engine Architecture platforması üzərində inşa ediləcəkdir. İri mühərrik bölməsinin olması, Purosangue prototipinin 12-silindrli mühərrik ilə təchiz olunduğuna dəlalət edir: buna GTC4Lusso və V12 mühərrikli 812 Superfast modellərindəkini xatırladan buraxılış sisteminin çıxış boruları da işarə edir. Belə bir mühərrik krossoverin top versiyasında quraşdırıla bilər. "Baza" modeli isə, daha sadə V6 mühərriki ilə təklif ediləcəkdir.

Lakin, Ferrari şirkətinin marketinq üzrə direktoru Enriko Qallyeranın bildirdiyinə görə, V12 mühərriki avtomobili çox ağır edə bilər, odur ki, kiçik həcmli mühərriklərin elektrikləşdirilməsi daha məqsədəuyğundur. Bununla yanaşı, şirkət rəsmisi gərək olduğu təqdirdə, istənilən mühərriki elektrikləşdirməyə hazır olduqlarını da əlavə edib.